Xəbərlər

Bakı Ali Neft Məktəbinin pakistanlı məzunu: “Pakistanlı gənclərə BANM-i tövsiyə edirəm”.

Ali Hasnain Meeran SOCAR-ın Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının builki məzunudur. O, Pakistanın ikinci ən böyük şəhəri Lahordandır. Təhsil aldığı müddətdə BANM-in ən fəal xarici tələbələrindən biri olan Ali Meeran müxtəlif layihələrdə iştirak edib, Azərbaycan dilini öyrənib, ölkəmizin bir neçə bölgəsində olub.

İndi Pakistanın ən böyük şirkətlərindən olan “Oil and Gas Development Company Limited”dən (OGDCL) iş təklifi alan BANM məzunu təəssüratlarını bölüşür.

BANM-in pakistanlı məzunu bildirir ki, Bakı Ali Neft Məktəbində təhsil almaq onun üçün əvəzolunmaz təcrübə olub: “Mən burada möhtəşəm 4 il keçirdim. Bakı Ali Neft Məktəbində hər kəs ailə kimidir. Bu Ali Məktəbdə tələbələr üçün çox geniş seçimlər mövcuddur. BANM-də təhsil almaq mənim üfüqlərimi təsəvvür etmədiyim qədər genişləndirdi. Bakı Ali Neft Məktəbi insana ömür boyu fayda verəcək üstünlüklərə malikdir. BANM ali təhsildə qabaqcıl olmaq, həmçinin həyatda məqsədlərinə çatmağı tapmaqda tələbələrə yol göstərir. Mən burada təkcə dərsliklərdən deyil, həm də tanış olduğum insanlardan çox şey öyrəndim. Burada olduğum müddətdə qurduğum dostluqlar mənim üçün sevinc və dəstək mənbəyi idi. Müəllimlərlə ünsiyyətim həqiqətən mənə böyük fayda verdi, məni zənginləşdirdi. Onlar mənə bilik verməklə yanaşı, həm də məni mükəmməlliyə can atmağa ruhlandırdılar. Onların rəhbərliyi və təşviqi mənim akademik səyahətimdə mühüm rol oynadı. BANM-dən məzun olarkən təkcə dərəcə deyil, həmişəlik mənimlə qalacaq xatirələr, təcrübələr və dostluqlar xəzinəsi aparıram. Həyatımın bu gözəl fəslində iştirak edən hər kəsə təşəkkür edirəm”.

Pakistanlı məzun Bakı, Azərbaycanın digər regionları, yeməklər barədə də təəssüratlarını bölüşərək bildirir ki, Azərbaycan mətbəxinin əksər yeməklərini, xüsusilə dolmanı, Şah plovu, şirniyatlardan şəkərburanı çox sevir, Bakıda olarkən İçərişəhər və Nizami küçələri sevimli məkanları olub, burada gəzməyi çox sevib. O, Quba, Qəbələ, Şəki və Şuşada da olub, burada tədbirlərdə iştirak edib: “Şəkidə yay düşərgəsinə qatılmışam. Mənim üçün ən gözəl səfərlərdən biri isə Şuşada olmaq idi. Burada Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən keçirilən tədbirdə iştirak etmişəm. Müxtəlif universitetlərin tələbələrinin qatıldığı tədbirdə mən bir neçə xarici tələbədən biri idim və BANM-dən bu tədbirdə yalnız mən qatılmışdım. Şuşada olduğum bir həftə ərzində keçirdiyim hiss çox möhtəşəm idi. Cıdır düzü, Vaqifin məqbərəsi, Şuşa qalasında olduq. Bu mənim üçün çox gözəl təcrübə idi. Mən orada olduğum, bu təcrübədə iştirak etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm”. 

O, dostları, müəllimləri üçün çox darıxacağını və tezliklə Azərbaycana yenidən gəlməyi planlaşdırdığını da bildirib: “Mənim Azərbaycanda, BANM-də çox yaxşı dostlarım var. Onları, müəllimlərimi yenidən görmək istəyirəm. Mən rektor Elmar Qasımova da söz verdim ki, tezliklə yenidən gələcəyəm. Fürsətdən istifadə edib ona BANM-də təhsil aldığım 4 ilim ərzində göstərdiyi köməyə, xarici tələbələrlə bu qədər maraqlandığına, bizə dəstəyinə görə təşəkkür edirəm. Bu, həm də Pakistandakı dostlarıma, tanışlarıma mesajdır. Buradakı mədəniyyət, təhsil mühiti çox möhtəşəmdir. Onlara bu təcrübədən yararlanmağı tövsiyə edirəm”.