Xəbərlər

Bakı Ali Neft Məktəbində ITACA layihəsi çərçivəsində seminar

Bakı Ali Neft Məktəbinin ev sahibliyi etdiyi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ KA2 Ali Təhsildə Potensialın Qurulması proqramı olan ITACA layihəsi çərçivəsində "Azərbaycanda ətraf mühitin bərpası" mövzusunda seminarın açılış mərasimi olub.

Tədbir çərçivəsində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov layihənin koordinatoru professor Luca di Palmanın başçılıq etdiyi heyətlə görüşüb. Rektor Elmar Qasımov qonaqları salamlayaraq qeyd edib ki, ITACA layihəsi Azərbaycanın Avropa İttifaqı ilə həyata keçirdiyi ən mühüm təhsil layihələrindən biridir. Rektor ən qabaqcıl texnologiyalar ilə təmin edilmiş bu Mərkəzin ITACA layihəsi çərçivəsində Azərbaycanda neft və qaz hasilatı nəticəsində mənfi təsirlərə məruz qalan torpaq və suyun təmizlənməsi, tullantıların idarə olunması məqsədilə yaradıldığını bildirib. Vurğulayıb ki, SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 2 layihəsi Avropa Komissiyasının maliyyələşdirdiyi Jean Monnet qrantını qazanıb. Bununla Bakı Ali Neft Məktəbi  Azərbaycanda ilk dəfə eyni çağırış üzrə eyni vaxtda 2 Jean Monnet layihəsini qazanan universitet olub.

Professor Luca di Palma da öz növbəsində Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığı yüksək qiymətləndirib. Bu layihəni yenidən Ali Məktəblə davam etdirmək niyyətində olduqlarını bildirib.

İtaliyanın Roma Sapienza Universitetinin koordinatoru olduğu bu layihə Avropa tərəfindən Danimarkanın Aalborq Universiteti, İspaniyanın Qranada Universiteti, Yunanistanın Patras Universiteti, həmçinin ARQUS kompaniyasının və Azərbaycan tərəfindən Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Sukanal Elmi Tədqiqat Layihə İnstitutu və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib. Layihənin əsas məqsədi Azərbaycanda neft və qaz sənayesinin fəaliyyəti nəticəsində yaranmış mövcud ekoloji problemlərin həllinə dəstək olmaqdır. Bu məqsədlə ITACA layihəsi çərçivəsində Bakı Ali Neft Məktəbinin kampusunda ITACA layihəsinin 300000 avro dəyərində təlim və tədqiqat mərkəzi yaradılıb.

Layihədə tədqiqat işləri ilə yanaşı Avropa təhsil sistemində uzun illərdir geniş maraq göstərilən, lakin Azərbaycan təhsil sistemi üçün yeni istiqamət olan təhsilin üçüncü pilləsi üzrə “Ətraf mühitin bərpası və davamlı neft və qaz hasilatı” kursu təşkil olunub.

Beləliklə ITACA layihəsi ekoloji vəziyyətin həllinə dəstək verən elmi-tədqiqat işlərinin aparılması ilə yanaşı Azərbaycan təhsil sistemində yeni yanaşmaların mümkünlüyünü və perspektivli olmasını da göstərmiş oldu.

Seminar layihə çərçivəsində aparılmış tədqiqat işlərinin, həmçinin “Azərbaycanda ətraf mühitin bərpası” istiqamətində digər elmi-tədqiqat institutları tərəfindən aparılmış tədqiqatların geniş ictimaiyyətə çatdırılması məqsədi ilə keçirilib.