Xəbərlər

Elmar Qasımov DAAD yay məktəbinin iştirakçıları ilə görüşüb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbdə  “Neft hasil edən ölkələrdə enerji keçidi”  mövzusunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyəsi ilə həyata keçirilən beynəlxalq yay məktəbinin iştirakçıları ilə görüşüb.

Rektor onların hər biri ilə tanış olaraq Ali Məktəbdə 3-cü dəfə həyata keçirilən bu layihənin əhəmiyyətindən danışıb və uğurla icra olunduğunu bildirib.  O, bu proqramın Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 16 tələbə üçün də faydalı olduğuna inandığını vurğulayıb. Elmar Qasımov Bakı Ali Neft Məktəbi, burada tədris olunan proqramlar və enerji keçidi sahəsində planlar barədə də məlumat verib.

Tələbələr Azərbaycan haqqında təəssüratlarını bölüşüb, proqramın onlara faydalı biliklər qazandırmaqla yanaşı, buradakı mədəniyyətlə tanış olmaq imkanı yaratdığını bildirib və Bakı Ali Neft Məktəbini, buradakı şəraiti çox bəyəndiklərini qeyd ediblər.