Xəbərlər

BANM-də alman mühəndisləri üçün yay məktəbi başlandı

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Neft hasil edən ölkələrdə enerji keçidi”  mövzusunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyəsi ilə həyata keçirilən beynəlxalq yay məktəbi başlayıb.

Yay məktəbində Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 16 tələbə iştirak edir.

2 həftə davam edəcək yay məktəbinin açılış mərasimində BANM-in Erasmus+ Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Humay Azayeva bu layihənin əhəmiyyətindən danışaraq iştirakçıları nəzərdə tutulan proqramla tanış edib. O bildirib ki, iştirakçılara Azərbaycanın  enerji keçidi mövzusunda seminarlar keçiriləcək, bu sahədə görülən işlər barədə məlumat veriləcək, həmçinin onlar Azərbaycanın tarixi və milli dəyərləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bakı Ali Neft Məktəbinin professorları Siyavuş Azakov, Fuad Vəliyev, dosenti Rauf Nadirov alman tələbələri salamlayaraq bu yay məktəbinin onlar üçün faydalı olacağına, zəruri məlumatlar əldə edəcəklərinə əminliklərini bildiriblər.

 Açılış tədbirindən sonra tələbələr Bakı Ali Neft Məktəbinin kampusu, buradakı laboratoriyalar ilə tanış olublar. Həmin gün SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəis müavini Təbriz Əmmayev “Azərbaycanın yaşıl enerji potensialı”, “SOCAR-ın enerji strategiyası”, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Xarici əlaqələr üzrə meneceri Günəş Əliyeva  “Azərbaycanın enerji siyasəti” mövzusunda seminar keçiblər.

Qeyd edək ki, bu yay məktəbi layihəsi artıq üçüncü dəfədir ki, məhz BANM-də həyata keçirilir. Layihə çərçivəsində tələbələrə BANM-in professor-müəllim heyəti tərəfindən Azərbaycanın enerji siyasəti, Bərpa olunan enerji mənbələri, Entropiya qanunu və qlobal enerji problemləri, Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə, Enerji keçidi-rəqəmsallaşma və kibertəhlükəsizlik və geotermal enerji  mövzularında dərslər keçiriləcək. Yay məktəbinin iştirakçıları üçün SOCAR-ın Baş ofisi və bp-də görüşlərin təşkil olunması da nəzərdə tutulub.

Proqram çərçivəsində iştirakçıların Şəki, Quba, Xızı şəkər əsası dağlarına səfəri, Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Xalça Muzeyi, Şirvanşahlar Sarayı, “Atəşgah məbədi”, palçıq vulkanlarına ekskursiyası təşkil olunacaq.

Sonda proqramı uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunacaq.