Xəbərlər

Bakı Ali Neft Məktəbi ilə Heriot-Vatt Universiteti arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub

Bu günlərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, SOCAR-ın İnsan resursları departamentinin rəis müavini Elnur Hüseynov və BANM-in Karyera və tələbələrlə iş şöbəsinin rəisi Lətifə Nəsibova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq şəhərində səfərdə olublar.

Səfər çərçivəsində onlar Heriot-Vatt Universitetinin rektoru professor Riçard Villiams, Geoenerji Mühəndisliyi İnstitutunun Tədris işləri üzrə baş direktoru Şəms Asgar ilə görüş keçirib, həmçinin universitetin Robotarium və mühəndislik üzrə tədris laboratoriyaları ilə tanış olublar.

Görüşlərdə BANM ilə Heriot-Vatt Universiteti arasında həyata keçirilmiş uğurlu əməkdaşlıq təcrübəsindən bəhs edilib, əməkdaşlığın yeni istiqamətlərdə davam etdirilməsi niyyəti ifadə olunub. Bu xüsusda Heriot-Vatt Universitetinin kurrikulumu əsasında Bakı Ali Neft Məktəbində Bərpaolunan enerji mühəndisliyi üzrə magistratura səviyyəsində birgə diplom proqramının həyata keçirilməsi müzakirə edilib və ilkin razılıq əldə olunub.

Eyni zamanda BANM-də Heriot-Vatt Universitetinin kurrikulumu əsasında tədris olunan Neft-qaz mühəndisliyi proqramının yeni trendlər əsasında təkmilləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.