Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Ali Məktəbin kollektivi və tələbələr “Ana fəryadı” abidəsini ziyarət ediblər.

Ali Məktəbdə keçirilən anım tədbirində Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edillib.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən qəddar və dəhşətli cinayət olduğunu bildirib.

Rektor qeyd edib ki, Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra bu faciəyə siyasi-hüquqi qiymət verib, onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Parlamenti “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. O, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində həyata keçirilən addımlara da toxunaraq bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyaları keçirilib, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunan çoxsaylı anım tədbirləri baş tutub, geniş təbliğat-təşviqat işləri aparılıb, bir sıra ölkə, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsinin tanınmasına, faciəyə beynəlxalq siyasi qiymətin verilməsinə və mühüm sənədlərin qəbul edilməsinə nail olunub. Bu isə Azərbaycanın ideoloji qələbəsidir.

Rektor həmçinin vurğulayıb ki, ermənilərin törətdiyi vəhşiliklər xalqımızın mübarizə əzmini qıra bilməyib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində şanlı Zəfər qazanmaqla Xocalı soyqırımı qurbanlarının qisası alınıb.

Rektor tələbələrə səslənərək bildirib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. O, gənclərə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımını unutmamağı, tariximizi dərindən öyrənməyi tövsiyə edib.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənnlər mərkəzinin dosenti, tarix müəllimi Ələmdar Şahverdiyev, tarixi araşdırmalar üzrə mütəxəssis Pərvin Ahənçi Xocalı soyqırımının tarixi təfərrüatları ilə bağlı məlumat verib, tələbələrin suallarını cavablandırıblar.

#SOCAR #BANM #BHOS #Xocali #XocalıSoyqırımı #XocalıyaƏdalət #JusticeforKhojaly