Xəbərlər
SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbəsi Xarici İşlər Nazirliyinin keçirdiyi müsabiqənin qaliblərindən biri olub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Fidan Cəbrayılova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar könüllülər arasında keçirilmiş esse müsabiqəsinin qaliblərindən biri olub. O, müəllifi olduğu “Xocalı soyqırımı Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin əsas tərkib hissəsi kimi” adlı esse ilə 50-dən çox iştirakçı arasından seçilərək 3-cü yerə layiq görülüb.
Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimində çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Xocalı soyqırımının ötən əsrin 80-ci illərindən etibarən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinin davamı olduğunu, habelə bu cinayətin Ermənistanda dövlət səviyyəsində azərbaycanlılara qarşı yürüdülən etnik zəmində nifrət və dözümsüzlük siyasətinin bir parçası kimi qiymətləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə çıxışında könüllülər arasında müxtəlif mövzuları özündə ehtiva edən esse müsabiqəsinin keçirilməsində məqsədin ixtisasından asılı olmayaraq bir çox könüllünün müsabiqəyə cəlb olunmasına şərait yaratmaq, onları Xocalı soyqırımı ilə bağlı faktların dərindən araşdırılmasına yönəltmək və Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması, bu kimi cinayətlərin cəzalandırılmasının post-münaqişə dövründə sülh prosesinə töhfəsi barədə gənclərimizin yanaşmasının öyrənilməsi olduğunu bildirib.
Sözügedən təşəbbüsə 23 könüllü təşkilatından, o cümlədən SOCAR Könüllülərindən 50-dən çox iştirakçının qatıldığı bildirilib.