Xəbərlər

SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Buxara Dövlət Universiteti əməkdaşlığa başlayıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Buxara Dövlət Universitetinin rektoru Obidjon Xamidov ilə görüşüb.

Qonağı Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edən Elmar Qasımov BANM haqqında ətraflı məlumat verib. Bildirib ki, SOCAR-ın strukturunda yaradılan Ali Məktəb ingilisdilli, yüksəkixitisaslı peşəkar mütəxəssislər hazırlayır.

BANM-in kampusu, buradakı laboratoriyalar ilə tanış olan Buxara Dövlət Universitetinin rektoru Ali Məktəbdəki şəraiti yüksək qiymətləndirib.

Görüşdə Bakı Ali Neft Məktəbi ilə Buxara Dövlət Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra hər iki Universitet arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əks etdirən Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumda ali məktəblər arasında professor-müəllim heyətinin mübadiləsi və birgə layihələrin hazırlanması kimi istiqamətlər əksini tapıb. Rektorlar xüsusi olaraq BANM-in dəstəyi ilə Buxara Dövlət Universitetində birgə MBA proqramının həyata keçirilməsi məsələsi barədə razılığa gəliblər. Həmçinin 2023-2024-cü tədris ilinin payız semestrindən etibarən Özbəkistandan mübadilə əsasında BANM-in müvafiq ixtisaslarında təhsil almaq üçün tələbələrin göndərilməsi barədə qarşılıqlı razılıq əldə edilib.

Görüş zamanı Elmar Qasımov Buxara Dövlət Universitetində neft-qaz kimyası sahəsində tədrisə BANM mütəxəssisləri və professor-müəllim heyəti tərəfindən hərtərəfli dəstək göstərilməsi ilə bağlı təklif irəli sürüb və bu təklif yüksək qiymətləndirilib.

#SOCAR #BANM #BHOS #bukharastateuniversity #AnlaşmaMemorandumu #MemorandumOfUnderstanding