Xəbərlər
Bakı Ali Neft Məktəbində günəş enerjisindən istifadə
Bakı Ali Neft Məktəbində (BANM) “Yaşıl enerji”yə keçidə xüsusi əhəmiyyət verilir. Ali Məktəbdə bərpa olunan enerji mənbələrindən istifadənin səmərəliliyini yoxlamaq məqsədilə BANM-in kampusunda yerləşən laboratoriya otaqlarının birində hər biri 250 vatt çıxış gücü olan iki ədəd günəş paneli quraşdırılıb. Bir neçə aydır quraşdırılan bu panellərdən alınan enerji şəbəkədən istifadə etmədən laboratoriya otağının işıqlandırılmasında istifadə olunur. Layihənin rəhbəri Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi İlkin Balazadədir.
O deyir ki, Ali Məktəbin kampusunda günəş panellərinin quraşdırılmasının effektivliyini yoxlamaq və gələcəkdə tətbiqini artırmaq məqsədilə 3 vəziyyətdə təhlil aparılıb. Günəş panelləri vasitəsilə aparılan təcrübənin təhlilində panellərin yerləşdirilməsi, hava şəraiti, sayı və digər amillər hesablanıb. Hələlik otaq şəraitində yerləşdirilən panellərdən alınan enerji ilə yalnız laboratoriya otağı işıqlandırılır. Sınaq olaraq həyata keçirilən bu layihədə panellərin yerləşdirilməsi optimal vəziyyətdə olduqda və sayı artırıldıqda alınan enerjinin miqdarı artacaq və tətbiq ərazisi də genişlənəcək. BANM-in müəllimi qeyd edir ki, günəş panellərinin optimal yerləşdirilməsi və sayı təşkil olunarsa, nəinki bir otağın, hətta kampusun bütün otaqlarının işıqlanmasını günəş panelləri vasitəsilə həyata keçirmək mümkündür. Bu isə 10 minlərlə manat vəsaitə qənaət etmək deməkdir.
BANM-in Texniki-istismar sahəsinin rəisi Vaqif Zeynalov bildirir ki, bu otağın işıqlandırma xəttini qidalandıran mənbə elektrik enerjisindən ayrılıb. Hazırda həmin otaq 9 ədəd Led lampa ilə işıqlandırılır və burada günəş panellərindən əldə olunan enerji hesabına 10 ay ərzində sadəcə elektrik lampalarına çəkilən xərcə 85 manat qənaət ediləcək.
#BANM #BHOS #günəşenerjisi #yaşılenerji #alternativenerji #laboratoriya #enerjiistehsalı