Xəbərlər

Bakı Ali Neft Məktəbinin müəlliminin məqaləsi yüksək indeksli elmi jurnalda çap olunub

Bakı Ali Neft Məktəbinin (BANM) İngilis dili və humanitar fənlər mərkəzinin ingilis dili müəllimi Aidə Mirzəyevanın məqaləsi Slovakiyanın “Path of Science” (“Elmin izi”) adlı elmi jurnalında dərc edilib. “Etnolinqvistika sferasında tarixdən müasir tendensiyalara və bu sahədə aktual məsələlər” adlı ingilis dilində yazılmış məqalənin çap olunduğu jurnal “ERIH PLUS”, “Copernicus” və digər nüfuzlu elmi bazalarda indeksləşdirilib.

BANM-in müəllimi məqaləsində etnolinqvistika elmi, bu elmin potensialı, Azərbaycan etnolinqvistikasının inkişaf tendensiyaları və bugünkü vəziyyətindən bəhs edib. Məqalə elmin ilkin qavrayışına, bu sahədə müasir araşdırmaları işıqlandırmağa və məsələnin aktuallığına diqqəti cəlb etmək məqsədi daşıyır. Bu tədqiqat etnolinqvistika sahəsində tədqiqat aparanlar üçün zəngin elmi mənbə rolunu oynaya bilər.

Azərbaycanda bu istiqamətdə çox az tədqiqat aparılıb. BANM-in müəlliminin bu sahədə tədqiqat aparması və həmin tədqiqatın belə nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunması ölkədə bu elmin inkişafı üçün böyük töhfədir.

Aidə Mirzəyeva Azərbaycan Dillər Universitetinin bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib. “İngilis dilində etnonimlərin etnolinqvistik xarakteristikası” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası üzərində tədqiqat apararaq uğurla müdafiə edib. O, bir sıra beynəlxalq treyninqlərdə iştirak edib və sertifikatlarla təltif olunub, Londonda “Practical teacher” və “Trinity Certificate” kurslarını keçib, həmçinin Çex Respublikasının Brno şəhərində Mendel Universitetində Erasmus mübadilə proqramında iştirak edib. Aidə Mirzəyevanın 13 məqaləsi (onlardan üçü xaricdə) və 8 tezisi (onlardan üçü xaricdə) çap olunub.

#BANM #BHOS #SOCAR #elmiməqalə #PathofScience #Copernicus #etnolinqvistika #ingilisdili