Xəbərlər
Bakı Ali Neft Məktəbində İTACA təlim və tədqiqat mərkəzində kurslar müvəffəqiyyətlə yekunlaşıb
Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda İTACA layihəsi çərçivəsində yaradılan təlim və tədqiqat mərkəzində “Ətraf mühitin bərpası və davamlı neft və qaz hasilatı” kursu keçirilib. Mərkəzdə tədris olunan kursun modulları yerli və Avropadan olan tərəfdaş universitetlər tərəfindən dizayn edilərək hazırlanıb. Kursun iştirakçıları isə açıq müsabiqəyə müraciət etmiş magistratura və doktorantura üzrə təhsil almış namizədlər arasından layihənin Avropadan olan koordinatorları tərəfindən seçilib.
Yeni tədris ilindən BANM-in evsahibliyi ilə keçirilən kurs üzrə dərslər həm yerli, həm də Avropadan olan partnyor universitetlərin professor-müəllim heyəti tərəfindən tədris olunub. Kursu müvəffəqiyyətlə bitirmiş tələbələr seçilmiş mövzular ətrafında 3 ay müddətinə Roma Sapienza Universiteti (İtaliya), Aalborq Univeriteti (Danimarka), Qranada Universiteti (İspaniya) və Patras Universitetində (Yunanıstan) tədqiqat aparmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, İTACA layihəsi Avropa Şurasının Erasmus+ Ali Təhsildə Potensialın Qurulması layihəsi çərçivəsində maliyyələşdirilən qrant layihəsidir. Layihənin əsas məqsədi Azərbaycanda neft və qaz sənayesinin fəaliyyəti nəticəsində yaranmış mövcud ekoloji problemlərin həllinə dəstək olmaq və təhsilin üçüncü pilləsi üzrə “Ətraf mühitin bərpası və davamlı neft və qaz hasilatı” təkmilləşdirmə kursunun tədrisini təşkil etməkdir.