Xəbərlər
SOCAR prezidenti Rövşən Nəcəf Bakı Ali Neft Məktəbinin müəlliminə "Tərəqqi” medalını təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif edilən neftçilərə orden və medalların təqdim edilməsi mərasimi keçirilib.
Sərəncama əsasən, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif olunan şəxslər arasında Bakı Ali Neft Məktəbinin müəllimi, Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov da var. O, "Tərəqqi” medalı ilə təltif olunub.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ölkəmizdə bütün sahələrdə olduğu kimi, neft-qaz sənayesi işçilərinin də hər zaman dövlət başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.
SOCAR prezidenti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və xoş bir ənənəyə çevrilən neftçilərin dövlət səviyyəsində təltif olunmasının Azərbaycan neftçilərinin əzmkar və fədakar fəaliyyətinin yüksək qiymətləndirilməsinin təzahürü olduğunu qeyd edib.
Təltif olunan bütün neftçiləri təbrik edən Rövşən Nəcəf onların fəaliyyətini və neft-qaz sənayesinin inkişafını hər zaman diqqət mərkəzində saxlayan dövlət başçısına Azərbaycan neftçiləri adından dərin minnətdarlığını ifadə edib.