Xəbərlər

Bakı Ali Neft Məktəbində Zəfər Günü

Bakı Ali Neft Məktəbində Zəfər Günü

Bakı Ali Neft Məktəbində (BANM) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, Ali Məktəbin professor-müəllim və administrativ heyəti, tələbələr iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyduğu 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından, Azərbaycan xalqının birliyindən bəhs edib. Rektor tələbələrə müraciət edərək bildirib ki, Azərbaycanın intellektual əsgərləri olaraq tələbələr, gənclər tariximizi, qan yaddaşımızı unutmamalı, dost və düşmənlərini tanımalı, hər zaman və hər yerdə ölkəmizi layiqincə təmsil etməlidirlər: "Bu gün qeyd etdiyimiz Zəfər Gününü, Azərbaycan tarixinin ən möhtəşəm qələbəsini uzun illər həsrətlə gözləmişik. İki il əvvəl Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, canını fəda edən şəhidlərimiz, igid qazilərimiz bu Zəfəri xalqımıza bəxş etdi, tariximizin qızıl səhifələrini yazdılar.Onların sayəsində Azərbaycan tarixə qəhrəman, qalib xalq kimi daxil oldu. Artıq faciəli günlərimiz geridə qalıb, yeni mərhələyə, parlaq gələcəyə qədəm qoymuşuq. Ona görə də birliyimizi həmişə qorumalı, əbədi sülhü yaratmaq üçün daim mübarizədə olan Prezidentimizin ətrafında sıx birləşməliyik”.

Sonra çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovun atası Nəriman Həmidov bildirib ki, Zəfər Günü uzun müddət Azərbaycan xalqının arzuladığı, həsrətində olduğu müqəddəs bayramdır: "Xalqımız möhtərəm Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək dünyaya mübarizliyini nümayiş etdirdi, düşmənə gücünü göstərdi. Bundan sonra da üzərimizə böyük vəzifə düşür. Düşmənin təxribatlarına qarşı ayıq olmalı, birliyimizi hər zaman davam etdirməli, torpaqlarımızı daim qorumalıyıq”.

Vətən müharibəsi qazisi, "Qarabağ" ordenli Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, kapitan Şamxal Ağayev isə döyüş yolundan danışıb, şəhid döyüş yoldaşlarının xatirələrini ehtiramla yad edib, onların adlarının həmişə yaşayacağını, nümunəvi həyat və döyüş yollarını yoldaşları ilə birlikdə təbliğ edəcəyini bildirib. O, tələbələrə səslənərək vurğulayıb ki, vətənpərvərlik torpağı qorumaqla yanaşı, ixtisasının, peşəsinin mütəxəssisi olmaq, vətəninə peşəkar kadr olaraq xidmət etməkdir.

Birinci Qarabağ müharibəsi veteranı, Bakı Ali Neft Məktəbinin müəllimi Pyotr Kuvşinov da çıxışında döyüş yolundan bəhs edib, xatirələrini bölüşüb, gənclərə tövsiyələrini verib.

Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Bakı Media Mərkəzi" və "Salnaməfilm" studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!" sənədli filminin nümayişi ilə yekunlaşıb.

#BANM #BHOS #ZƏFƏRGÜNÜ #VətənMüharibəsi #8noyabr