Xəbərlər

BANM tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib

Qarabağ Dirçəliş Fondu yenidən gənclərlə görüşlərə start verib.

Oktyabrın 13-də Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib. Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Tural Gəncəliyev və BANM-da təhsil alan tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov bu cür əhəmiyyətli tədbirin rəhbərlik etdiyi ali təhsil ocağında keçirilməsindən məmnun olduğunu ifadə edib. Rektor qeyd edib ki, Qarabağın bərpası kimi müqəddəs amalda gənclərin, tələbələrin rolu önəmlidir: “Vətən müharibəsində əldə etdiyimiz qələbə tariximizin ən şanlı səhifələrindən biridir. Hazırda isə qarşımızda işğaldan azad edilən ərazilərin bərpası kimi mühüm bir vəzifə durur. Xalqımızın Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizədə həmrəylik nümayiş etdirdiyi kimi, müqəddəs torpaqların bərpası üçün də birlik göstərəcəyinə əminəm. İnanıram ki, düşmənin dağıtdığı torpaqlarımızın bərpası prosesinə gənclər də öz töhfələrini verəcəklər. Bu cür maarifləndirmə tədbirləri də gənclərin bu prosesdə aktiv iştirakı üçün vacibdir”.

BANM ilə Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlıqdan danışan Elmar Qasımov bildirib ki, bu əməkdaşlıq tələbələrin Fondun fəaliyyəti, eyni zamanda işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlı maariflənməsində mühüm rol oynayacaq.

Sonra ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev görüş iştirakçılarına QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

İdarə Heyətinin sədri qurumun vəzifələri arasında Azərbaycan Respublikasının Qarabağ bölgəsinə investisiyaların cəlb edilməsi prosesinin təşviqini, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsini, habelə yerli və beynəlxalq ictimaiyyət arasında Qarabağın tarixi, erməni işğalı nəticəsində dəymiş zərərlə bağlı reallıqları və bu regionun bərpası prosesi haqqında məlumatların yayılmasını sadalayıb.

Rəhman Hacıyev işğaldan azad edilən ərazilərdə dağıntıların miqyası barədə məlumat verərək bildirib ki, dağıntıların aradan qaldırılması, yaşayış məntəqələrinin, infrastrukturun bərpası böyük vəsait və vaxt tələb edən bir prosesdir:

“İşğaldan azad olunan ərazilərdə dağıntıların miqyası çox böyükdür. Bir çox şəhərlər, kəndlər yer üzündən demək olar ki, silinib. Hazırda həmin ərazilərdə ciddi tikinti-quruculuq işləri aparılır, yeni yollar, hava limanları tikilir, infrastruktur bərpa olunur. Ancaq görüləcək işlər həddindən artıq çoxdur və xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan bütün bu işləri öz gücü, öz imkanları hesabına görür. Buna görə də hər birimiz dövləti dəstəkləməli, həmrəylik nümayiş etdirərək Qarabağın bərpasında yaxından iştirak etməliyik”.

İdarə Heyətinin sədri bərpa prosesində tələbələrin, gənclərin rolundan da danışıb:

“Bu günün tələbələri sabahın iş adamları, investorlarıdır. Onlar mühüm vəzifələr tutmaqla ölkənin sosial-iqtisadi həyatında aktiv iştirak edəcəklər və azad olunan ərazilərin bərpasına öz töhfələrini verəcəklər. Buna görə də Fond olaraq tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsi, onların düşüncə və təkliflərinin öyrənilməsi bizim üçün çox vacibdir”.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Tural Gəncəliyev işğaldan azad edilən ərazilərin bərpası, azərbaycanlıların həmin ərazilərə qayıdışı və digər məsələlər ətrafında fikirlərini bölüşüb:

“İşğaldan azad edilən ərazilərdə demək olar ki, hər şey dağıdılıb, yerlə yeksan edilib. Ancaq inanıram ki, əl-ələ verib şəhərlərimizi, kəndlərimizi, tarixi abidələrimizi bərpa edəcəyik. Tez-tez həmin ərazilərə səfər edirik və hər səfərimiz zamanı bərpa-quruculuq işlərinin çox sürətlə davam etdiyinin şahidi oluruq. Əminliklə deyə bilərəm ki, bütün bu işlər başa çatdırılandan sonra Qarabağ dünyanın ən gözəl diyarlarından birinə çevriləcək”.

Gənclərlə analoji görüşlərin silsilə şəklində keçirilməsinin vacibliyini qeyd edən Tural Gəncəliyev onların Qarabağın bərpasına öz töhfələrini verəcəklərindən əminliyini ifadə edib.

Çıxışlardan sonra görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu gənclərin maarifləndirilməsi məqsədilə analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsini nəzərdə tutur.

#BANM #BHOS #QarabağDirçəlişFondu