Xəbərlər

“Huawei Technologies” Bakı Ali Neft Məktəbində görüş keçirdi

Çinin “Huawei Technologies” şirkətinin menecerləri Kang Jia və Eldəniz Əliyev Bakı Ali Neft Məktəbində (BANM) olub, Ali Məktəbin kampusunu gəzib, rektor Elmar Qasımovla və tələbələrlə görüş keçiriblər.

Görüşdə BANM-in rektoru Elmar Qasımov qonaqlara Ali Məktəb barədə məlumat verərək bildirib ki, burada yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar yetişir və onlara əmək bazarında böyük tələbat var: “Bizim Ali Məktəbin tələbələri intellektual, savadlı, bacarıqlı gənclərdir. Qürurla deyə bilərik ki, BANM tələbələri iştirak etdikləri bütün müsabiqələrdə mütləq uğur qazanırlar: “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqədə də BANM tələbələri qalib olublar. Bundan böyük qürur duyuruq”.

Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəbin “Huawei” şirkəti ilə əməkdaşlıq imkanlarına da toxunub. O bildirib ki, “Huawei” şirkəti ilə BANM arasında Anlaşma Memorandumu imzalanıb və “Huawei” şirkəti Ali Məktəbdə tədris laboratoriyasının qurulmasına dəstək olub. Rektor gələcəkdə də birgə əməkdaşlıq üçün böyük perspektivlər olduğunu vurğulayıb.

Huawei Technologies” şirkətinin meneceri Kang Jia BANM ilə əməkdaşlığa önəm verdiklərini bildirib. O, BANM tələbələrinin yüksək intellektə malik gənclər olduğunu və “Huawei” şirkətinin layihəsində uğurla iştirak etdiklərini qeyd edib.

Kang Jia tələbələrə təmsil etdiyi şirkət, onun tələbələr üçün təqdim etdiyi imkanlardan, gələcək layihələrdən danışıb, onların suallarını cavablandırıb.

#BANM #BHOS #Huawei #infosessiya