Xəbərlər
BANM-in tələbələri Heydər Əliyev adına Neft Emalı Zavoduna səfər edirlər
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 2-ci kursda təhsil alan bir qrup tələbəsi SOCAR-ın Heydər Əliyev adına. Neft Emalı Zavoduna səfər ediblər.
Səfərdə BANM-in tələbələri ilk olaraq təhlükəsizlik qaydaları haqqında təlimatlandırılıblar. Sonra zavodun 2№-li istehsalatın 21№-li neftin ilkin emalı qurğusunun rəisi Raqif Hacıyev tələbələri səmimi qarşılayaraq onlara neftin ilkin emalı qurğusuna nəzarət edən ölçü cihazları haqında geniş məlumat verib. Həmçinin zavodun müxtəlif texnoloji qurğularında çalışan mühəndislər, baş operatorlar tələbələrə xam nefti emal edərək müxtəlif məhsullara çevirən bütün texnoloji qurğuların, köməkçi təsərrüfatların və kompressor qurğularının işi, texnoloji reqlamentlər, proseslərin idarə edilməsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirləri haqqında ətraflı məlumatlar veriblər.
Səfər çərçivəsində tələbələr zavodun müxtəlif idarəetmə və nəhəng texnoloji qurğuları ilə əyani tanış olublar.
SQeyd edək ki, bu səfərlər mütəmadi olaraq noyabr ayına qədər davam edəcək. Belə ki, 2015/2016-cı tədris ilinin payız semestrində tədris edilən “Emal sənayeləri A” və “Kimyanın əsasları” fənlərinin proqramları çərçivəsində Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 2-ci kursda təhsil alan 51 və “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 50 tələbəsinin oktyabr-noyabr aylarında 8 həftə ərzində hər qrupda 11-14 nəfər olmaqla SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna texnoloji qurğularına səfərlər etməsi nəzərdə tutulub.
Səfərlərin əsas məqsədi tələbələrə zavodun xam nefti emal edərək müxtəlif məhsullara çevirən bütün texnoloji qurğuları, zavodda gedən bütün proseslər, texnoloji reqlamentlər, proseslərin idarə edilməsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirləri haqqında ətraflı məlumatlar verməklə, onların auditoriyada əldə etdikləri nəzəri bilikləri istehsalatla əlaqələndirməkdir.