Xəbərlər
Yüksək bal toplayan abituriyent: “BANM-ə qəbul olmaq üçün ciddi hazırlaşırdım”
Elnur Mərdiyev I qrup üzrə keçirilən blok imtahanlarında 400 bal toplayan 11 nəfərdən biridir. Ümumilikdə 684 bal toplayıb. O, Abşeron rayonu Saray qəsəbəsinin Mikayıl Ələkbərov adına 1 saylı tam orta məktəbin məzunudur.
Elnur Mərdiyev Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq istəyir: “BANM haqqında hər zaman yaxşı məlumatlarla qarşılaşırdım. 9-cu sinifdə qərara gəldim ki, bu Ali Məktəbdə təhsil alım. Burada oxuyan çox sayda tanıdığım insan var. Karyera və gələcək üçün çox uğurlu Ali Məktəbdir. BANM-ə qəbul olmaq üçün ciddi formada hazırlaşırdım, gün ərzində 7-8 saat dərslərlə məşğul olurdum. Həftəsonları isə çalışırdım istirahət edim. Futbolla məşğul oluram. Yüksəl bal toplamaq istəyən gələcək abituriyentlərə məsləhət görürəm ki, hər bir mövzunu dərindən öyrənməyə çalışsın, bilmədikləri sualların üzərindən keçməsin, bacardıqları qədər məktəbdən, müəllimlərindən faydalansınlar”.