Xəbərlər
Bakı Ali Neft Məktəbində "Açıq qapı" günləri
Bakı Ali Neft Məktəbində (BANM) abituriyentlər və valideynlər üçün “Açıq qapı” günləri keçirilib. Məqsəd Ali Məktəbin tələbələrə təklif etdiyi tədris proqramları, burada yaradılmış beynəlxalq təhsil mühiti, inkişaf və digər imkanlar haqda məlumatlandırmaq, kampusu nümayiş etdirməkdir.
“Açıq qapı” günlərinə 100-dən çox abituriyent və valideyn qatılıb. Tədbir Ali Məktəbin kampusunun tanışlıq gəzintisi ilə başlanıb. İştirakçılar Konqres zalı, Senat zalı, Neft Muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, iki qapalı idman zalı, tələbə yeməkxanası, auditoriyalar, müasir tədris laboratoriyaları, fitnes mərkəzi, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olublar.
Qonaqlara Ali Məktəbin fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri barədə məlumatlar verilib.
Sonda abituriyentləri və onların valideynlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.












