Xəbərlər

Teknofest”in ikincisi – Bakı Ali Neft Məktəbinin “Murov” komandası

Bakı Ali Neft Məktəbinin (BANM) “Murov” komandası Azərbaycanda ilk dəfə keçirilən Türkiyənin ən böyük Aerokosmik və Texnologiya festivalı “Teknofest”in “Yaşıl texnologiyalar” müsabiqəsində II yerə sahib olub. BANM-in Kimya mühəndisliyi kafedrasının rəhbəri Əmir Rza Vaxşurinin mentorluq etdiyi komandada Kimya mühəndisliyi ixtisasının 5 tələbəsi təmsil olunur.

Komandanın təqdim etdiyi layihə tullantı yağlarından müxtəlif maddələrin, katalizlərin köməyi ilə biodizel istehsalını nəzərdə tutur. Bu layihə həm də Bakı Ali Neft Məktəbində keçirilən Tələbə və Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında birinci yerə layiq görülüb.

Komandanı tanıyaq:

Fidan Cəbrayılova – komandanın kapitanı. O, Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsidir, Ali Məktəbə 2018-ci ildə 670 balla daxil olub.

Fidan bildirir ki, bu layihənin üzərində iki il iş aparılıb, “Teknofest”in keçiriləcəyi ilə bağlı elandan sonra yeni komanda formalaşıb və üzvlər seçilərkən hər birinin müxtəlif bilik və bacarığa sahib olmasına diqqət yetirilib. Komandanın kapitanı deyir ki, “Teknofest” onlara yeni üfüqlər açıb: “Teknofest” sayəsində komanda işində daha yaxşı olmağı öyrəndik. Bacarıqlarımız daha da inkişaf etdi. Yarış keçirilən məkanda müxtəlif ideyalarla, insanlarla tanış olduq”.

Fidan gələcək planlardan da danışaraq bildirir ki, komanda layihə üzərində daha çox işləməyi və ekperimentlər aparmağı planlaşdırır.

Fərid Hüseynli – Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi. O, 2018-ci ildə BANM-ə 667 balla daxil olub.

Fərid bildirir ki, Bakı Ali Neft Məktəbini “Teknofest” kimi nəhəng müsabiqədə təmsil edərək mükafat qazanmaq böyük qürur hissi yaşadıb: “Bakı Ali Neft Məktəbinin birliyini bir daha hiss etmək, onu təmsil etmək, komandaların layihələri ilə tanış olmaq, o səhnədə mükafat almaq xüsusi hissdir”.

Ruslan Həsənov - Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsidir. O, 2018-ci ildə BANM-ə 682 balla daxil olub.

Ruslan layihə üzərində çox böyük əzmlə çalışdıqlarını bildirir. O deyir ki, “Teknofest” onda bir çox bacarıqları inkişaf etdirib: “Teknofest” sayəsində elmi bacarıqlarımı daha da inkişaf etdirə bildim. Laboratoriyada işləmək həvəsim, elmə marağım artdı. Komanda işini öyrəndim, kommunikasiya bacarıqlarımı inkişaf etdirdim. Həqiqətən gördüyümüz işdən zövq alırdım”.

Çingiz Hacıyev - Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsidir. O, BANM-ə 2020-ci ildə 681 balla daxil olub.

Uğurlu layihə hazırladıqlarını vurğulayan komanda üzvü bildirir ki, münsiflər heyəti də layihənin potensialını qiymətləndirərək mükafata layiq görüb.

Çingiz vurğulayır ki, yeni insanlarla tanış olmaq, onlara layihə barədə məlumat vermək, komandada işləmək, vaxtın idarəedilməsini öyrənmək “Teknofest”in faydalarındandır.

Toğruz Əzizli - Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsidir. O, BANM-ə 680 balla daxil olub.

Toğrul hesab edir ki, “Teknofest” kimi beynəlxalq festivalda iştirak edərək mükafat qazanmaq böyük nailiyyətdir: “Teknofest” sayəsində insanlara layihəmizi təqdim etdik. Layihəmizlə tanış olan insanlar artıq daha məlumatlı, istifadə olunmuş yağlarla bağlı diqqətli olmağı öyrəndilər".

#banm #bhos #teknofest #teknofestazerbaijan #teknofest2022 #uğur