Xəbərlər

“Teknofest” mükafatçısı - BANM - in “Gülüstan” komandası

“Gülüstan” komandası Azərbaycanda ilk dəfə keçirilən Türkiyənin ən böyük Aerokosmik və Texnologiya festivalı - “Teknofest”in “Yaşıl texnologiyalar” müsabiqəsində qalib gələn BANM-in 3 komandasından biridir. Bu müsabiqə üzrə III yerə sahib olan komandada Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Güllü Hüseynli (kapitan), Zaur İmaməliyev, Kafyə Abzərova, Rəşad Əhmədov təmsil olunur. Komandanın rəhbəri BANM-in Laboratoriya müdiri Nəsir Sultanov, məsləhətçisi Ali Məktəbin məzunu və əməkdaşı Elmar Əsgərzadədir.

Komandanın təqdim etdiyi startap layihəsi qlobal problemlərdən olan enerji sərfiyyatı məsələsinə yönəlib. Komandanın layihəsi panellərdə fazadəyişən maddələrdən istifadə etməklə temperaturun requlyasiyası sayəsində kondisionerlərdən istifadənin azalması ilə enerjiyə qənaət olunmasını nəzərdə tutur. Komandanın hesablamasına görə, bu layihə ilə enerjiyə 25% qənaət etmək mümkündür.

“Gülüstan” layihəsinin məsləhətçisi Elmar Əsgərzadə bildirir ki, layihə yaranandan qısa müddət sonra keçirilmiş bir yarışda qalib olub və komanda layihəni daha da inkişaf etdirməyə, testlər keçirməyə başlayıb. BANM-in məzunu və əməkdaşı vurğulayır ki, layihənin üstünlüklərindən biri onun innovativ, enerji qənaətedici və gələcəyə yönümlü olmasıdır. O, layihənin indiyədək bir çox uğur əldə etdiyini, müxtəlif yarışlarda müvəffəqiyyət qazandığını xatırladaraq “Teknofest”in ona təcrübəsini möhkəmləndirmək baxımından fayda gətirdiyini qeyd edib.

Komandanın kapitanı Güllü Hüseynli bildirir ki, layihənin üzərində bir neçə ildir çalışırlar və layihə ideya mərhələsindən startapa keçib. Bu layihə ilə bağlı “British Council” təşkilatı, Bakı Ali Neft Məktəbi və Azərbaycan-Almaniya Ticarət Palatası ilə əməkdaşlıq həyata keçirilir. Layihəyə “British Council” tərəfindən qrant da ayrılıb. Bu qrantla hazırda pilot testlər keçirilir, daha sonra patentin əldə olunması üçün müraciət və satışa çıxarmaq planlaşdırılır. Güllü layihənin gələcəyinin daha da parlaq olacağına inanır.

Komandanın marketinq işlərini həyata keçirən Rəşad Əhmədov bildirir ki, layihə çox ehtiyac olan bir sahəyə - enerji israfının azaldılması və daha yaşıl gələcəyə yönəldiyi üçün onun perspektivi də böyükdür. Rəşad “Teknofest”in ona və komanda yoldaşlarına faydasının çox olduğunu vurğulayıb və bildirib ki, festivala qatılmaq tələbəlik həyatının ən yaddaqalan hadisələrindən biridir.

Layihənin vizual işlərini həyata keçirən Zaur İmaməliyev qeyd edir ki, “Teknofest” ona həm bacarığını inkişaf etdirmək, həm fərqli təəssüratlar yaşatmaq, həm də gələcəkdə yeni ideyalar üçün şərait yaratmaq baxımından faydalı olub. Komanda üzvünün sözlərinə görə, “Teknofest” hazırladıqları layihənin daha böyük auditoriyaya çatdırılması baxımından da əhəmiyyətlidir.

Komanda heyəti bildirir ki, layihənin mükafat qazanacağına, ilk üçlükdə olacağına əmin olublar.

#banm #bhos #Teknofest #Teknofest2022 #TeknofestAzerbaijan #SOCARNewHorizons