Xəbərlər

Bakı Ali Neft Məktəbinin “İstiqlal”ını qələbəyə aparanlar

Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı - "Teknofest"də qalib olan komandalardan biri də Bakı Ali Neft Məktəbinin (BANM) “İstiqlal” komandasıdır. Komanda “Cansat Model Peyk” müsabiqəsi üzrə I yerə sahib olub. “İstiqlal” BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan 5 tələbədən ibarətdir. Komanda üzvləri ilə söhbətləşmişik.

 

  • “Teknofest”də birinci yerə layiq görülən layihənizin fərqliliyi nədir?

 

Ramil Şükürov - Bakı Ali Neft Məktəbinin məzunudur. Hazırda Ali Məktəbdə müəllimdir.

  • "Teknofest"də “Həvəskar peyk modelləşdirmə” müsabiqəsinə qatılmışdıq. Bu layihədə ölçüləri, içərisi və dizaynı ilə bağlı müəyyən tələblər olan peyk model hazırlamaq tələb olunurdu. Yerə enərkən havada olan qazlar, batereya sərfiyyatı, məsafə barədə telemetr vasitəsilə məlumatı birbaşa bazaya ötürməli idi. Hazırladığımız mobil tətbiq vasitəsilə mərkəzi sistemdən əldə edimiş həmin məlumatlara baxmaq olurdu. Bu da bizim üstünlüyümüz idi. Çünki elə komandalar var idi ki, məlumat sadəcə yaddaşa yazırdılar. Layihəmizin uğurlu olmasının  səbəblərindən biri də qoyulan minimum və bonus tələblərin tam yerinə yetirilməsi, eyni zamanda hazırladığımız peyk modelin dizayn baxımından daha yaxşı olması idi.

 

Fuad Məmmədzadə -  “İstiqlal” komandasının kapitanl

  •  “İstiqalal” komandası necə yarandı?
  • Hər zaman “Cansat Model Peyk” müsabiqəsində iştirak etmək istəmişəm. Lakin  kosmik sahə özündə mühəndislik, mexanika, elektronika, proqramlaşdırma kimi bir çox istiqamətləri özündə birləşdirdiyi üçün komanda yaratmaq lazım idi. Qrup yoldaşlarım arasında kimin hansı sahədə daha bacarıqlı olduğunu bildiyim üçün belə bir komanda yaratdıq.

 

  • “Teknofest” sizə nə qazandırdı?

 

Ramil Şükürov:

  • Azərbaycan gəncliyinin peyk sahəsinə olan həvəs və marağının artdığını, texnoloji sahədə innovativ düşüncəyə malik olduqlarını, bu sahənin inkişaf etdiyini gördüm. Digər komandalarla rəqabət mühitində dünyada nələr baş verdiyini, hansı trendlərin mövcud olduğunu, gələcəkdə hansı işlərin görülməsi planlaşdırıldığını öyrəndik. Ümid edirəm ki, bu sahəyə öz töhfəmizi verəcəyik və yerli mühəndislər yetişəcək. “Azərkosmos”la danışıqlar aparırıq, məqsədimiz layihəmizi təkminləşdirərək qlobal keçirilən həvəskar peyk modelləşdirmə müsabiqəsinə qatılmaqdır.

 

Fuad Məmmədzadə:

  • Kapitan kimi komanda lideri olmaq, planlaşdırma aparmaq, uğurlu, ədalətli iş bölgüsü etmək mənə böyük təcrübə qazandırdı. Yalnız birincilik üçün çalışırdıq. Yarış irəlilədikcə, rəqiblərimizi tanıdıqca bir az narahat olurduq, güclü rəqiblər vardı. Hazırladığımız peyk modeldə mobil aplikasiya və veb aplikasiya hissələri çox uğurlu idi. Bizə yaratdığı şəraitə görə hörmətli rektorumuz Elmar Qasımov və bütün BANM ailəsinə təşəkkür edirik. Türk dünyasının iki lideri və Nobel mükafatçısı ilə görüşmək, onların əlini sıxmaq, onlardan mükafat almaq bizi çox qürurlandırdı. Kosmik sahəyə olan marağım daha da artdı və qarşıma məqsəd qoydum ki, bu sahədə biliklərimi möhkəmləndirim və yaxşı mütəxəssis olum.

 

Səmra Hüseynova - “İstiqlal” komandasının üzvü

  • Həyatım boyu inanmışam ki, kim daha çox əziyyət çəkirsə mütləq qarşılığını alacaq. Ona görə maksimum əziyyət çəkirdik. Həyəcanla birinci olmağımızı gözləyirdik. Mükafatlandırma zamanı cənab Prezidentimiz İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatçısı Aziz Sancarla eyni səhnədə dayanmaq möhtəşəm və qürurverici hisslər idi. Bu festivaldan sonra kosmik sahəyə olan marağım artdı. Bu sahədə biliklərimi möhkəmləndirib mütəxəssis olmaq istəyirəm.

 

Qeybulla Əliverdiyev - “İstiqlal” komandasının üzvü

  • “Teknofest” bizə 4 il ərzində ali məktəbdə öyrəndiyimiz bilikləri real layihələr üzərində tətbiq etməyi bizə öyrətdi. Qalib gəlməyimizin sevinci bir yana, iki prezident və  Nobel mükafatçısının əlindən mükafat almaq çox möhtəşəm hisslər idi. Nobel mükafatçısı ilə bir araya gəlmək xəyallarımızdan biri idi. Bu yarış bizim kosmik sənaye ilə bağı həvəsimizi daha da artırdı. Bundan sonra da insanlığa və ölkəmizə daha da yararlı layihələr üzərində çalışmaq niyyətindəyik.  

 

Fidan Mahmudova - “İstiqlal” komandasının üzvü

- Festival zaman yeni layihələrlə tanış oldum, yeni biliklər əldə etdim, yeni bacarıqlar kəşf etdim, özümün güclü və zəif tərəflərimi öyrəndim. Biz artıq bu birinciliyə görə məsuliyyyət daşıyırıq. Gələcəkdə bu yarışa qatılanlar olsa kömək, məsləhət üçün bizə müraciət edəcəklər. Buna görə də mən öz işimi, bilik və bacarıqlarımı daha da möhkəmləndirməliyəm, dərin biliklər əldə etməliyəm ki, hər kəsin sualına cavab verə bilim. Birinci olmaq özgüvənimi artırdı. Bundan sonra qatılacağım yarışlarda yalnız birinci olmalıyam.

 

Kənan Bəgəliyev - “İstiqlal” komandasının üzvü

  • Hazırda düzəldilən böyük ölçülü model peyklər ekologiyaya ciddi ziyan vurur. Ona görə də həmin model peykləri bizim hazırladığımız kimi kiçik ölçüyə çevirmək lazımdır. Bizim layihəmizlə bu test edildi. Layihəmizin əsas məqsədi ekologiyaya daha xeyrili bir töhfə verməkdir. Bu yarış sayəsində mobil aplikasiya yığa biləcək səviyyəyə gəlib çatdım. Daim irəli getməli, inkişaf etmək, yeni texnologiyalar öyrənməliy ki, qolbal səviyyədə birincilik titulumuzu qoruyub saxlayaq.