Xəbərlər

Bakı Ali Neft Məktəbində Bakı Elm Olimpiadasının tədqiqat mərhələsi keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Bakı Elm Olimpiadasının finalının II turu - tədqiqat mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev tədbiri açaraq evsahibliyinə görə təşəkkür edib və şagirdlərə uğurlar arzulayıb.

Sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bu tədbiri əsl elm bayramı adlandıraraq Təhsil Nazirliyi və BANM rəhbərliyinə təşəkkür edib. O məlumat verib ki, Olimpiadanın ilk mərhələsində Bakı şəhərinin ümumtəhsil məktəblərindən 800-ə yaxın şagird iştirak edib, 60 şagird isə final mərhələsinə yüksəlib. Mehriban Vəliyeva bacarığın, biliyin nümayişinin əhəmiyyətindən danışaraq şagirdlərə uğurlar diləyib.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu cür yüksək səviyyəli təhsil festivalına evsahibliyi etməkdən məmnunluğunu bildirib. Rektor Elm Olimpiadalarının şagirdlərin biliklərinin nümayişi baxımından əhəmiyyətli olduğunu qeyd edib.O, həmçinin əlavə edib ki, Olimpiadalar şagirdlərə hədəflərini dəqiq müəyyənləşdirmək baxımından da vacibdir.

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev çıxışında Olimpiada iştirakçılarına uğurlar arzulayaraq bu tip platformaların bilikli, çalışqan, bacarıqlı şagirdlər üçün önəmli olduğunu bildirib.

Qeyd edək ki, Bakı Elm Olimpiadasının keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdir. Bakı Elm Olimpiadası məktəblilərin Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO - International Junior Science Olympiad) iştirak üçün şagird seçimində hazırlıq funksiyası daşıyır. Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası 15 yaş və ondan aşağı yaşda olan şagirdlər üçün hər il keçirilən elm yarışmasıdır.

Bakı Elm Olimpiadasının Bakı Ali Neft Məktəbində keçirilən tədqiqat mərhələsində 60 şagirddən ibarət 20 komanda iştirak edib. Bakı şəhərinin ümumtəhsil məktəblərinin VIII, IX, X sinif şagirdləri arasında keçirilən olimpiadanın final mərhələsinin II turunda məktəblilər 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetiriblər. Final mərhələsinin hər iki turu üzrə ən çox bal toplayan ilk 3 komanda qalib olub.

#banm #bhos #elmolimpiadası #bşti #təhsilnazirliyi