Xəbərlər
Bakı Ali Neft Məktəbinin prorektoru İsveçdə seminarda iştirak edib
Bakı Ali Neft Məktəbinin (BANM) Tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov Erasmus+ layihəsi çərçivəsində İsveçdə keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı seminarda iştirak edib. Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyələşdirdiyi seminar 16-20 may tarixlərini əhatə edib.
Kral Texnologiya İnstitutunun (KTH) evsahibliyi etdiyi seminar ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilib.
Seminarın əsas mövzusu “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” olub.
Seminarda təhsil nazirinin müşaviri Nicat Məmmədli ilə yanaşı, Azərbaycanın 15 ali təhsil müəssisəsindən rektorlar, prorektorlar və digər rəhbər şəxslər iştirak ediblər. Tədbirə Avropalı nümayəndələrdən İsveç, Litva, Finlandiya və Polşa “Rektorlar Konfransı”nın səlahiyyətli şəxslərinin, Kral Texnologiya İnstitutunun, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorları qatılıblar.
Tədbirdə Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər- 2030 gələcəyə baxış” mövzusunda təqdimatı olub.