Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbələri “Teknofest” festivalında iştirak edəcəklər
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”də iştirak edəcəklər. BANM-i təmsil edən “Yeddi Gözəl” komandası festival çərçivəsində keçirilən “Agritech” müsabiqəsində II tura vəsiqə qazanıb. Komanda müsabiqəyə “Araz” layihəsi ilə qatılıb. Sosial yönümlü layihə Azərbaycan universitetləri, o cümlədən BANM komandaları arasında ən yüksək nəticə toplayıb. Bununla da BANM-in “Yeddi Gözəl” komandası may ayında Bakıda keçiriləcək “Teknofest” festivalında BANM-i təmsil etmək hüququ qazanıb.
“Yeddi Gözəl” komandasının layihəsi effektiv qurğu hazırlamaqla içməli su probleminin həllinə yönəlib. Dünya əhalisinin artması, həyat standartlarının yüksəlməsi, istehlak tərzinin dəyişməsi və irriqasiyalaşmış kənd təsərrüfatının genişlənməsi suya olan tələbatın artmasını şərtləndirir. Su qıtlığına əsas səbəb kənd təsərrüfatında və sənayedə sudan səmərəli istifadə olunmamasıdır.
Müsabiqədə içməli su ehtiyatlarının artırılmasını hədəfləyən “Araz” layihəsi “Agritech” sənayesinə öz töhfəsini verməyi planlaşdırır. Yağış nəticəsində yaşayış obyektlərinin damlarından axan su, habelə çayların daşmasına səbəb olan artıq su böyük miqdarda itki deməkdir. "Araz" layihəsi bu problemi aradan qaldırmaq üçün spesifik bir qurğu hazırlamağı və bunu hər kəs üçün əlçatan etməyi qarşısına məqsəd qoyur. Son zamanlarda cənub zonasında olan daşqınlar da əhalinin əkin və yaşayış yerlərinə zərər vurmağına baxmayaraq həm də böyük miqdarda su ehtiyatı deməkdir.
“Agritech” müsabiqəsində BANM-i təmsil edən “Həkəri”, “Mübariz Ol” və “Polad” komandaları da iştirak edir.
Bütün dünyada olduğu kimi Azərbaycanda da su qıtlığı problemi ciddiləşməyə doğru gedir. “Araz” lahiyəsinin yaranmasına səbəb də məhz bu olub. Prezident İlham Əliyevin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı, bu yaxınlarda qəbul edilən çay suları haqda yeni qaydalar da hazırki problemin ciddiyətini göstərir. Araz və Kür çaylarındakı su səviyyəsinin azalması nəticə olaraq su ehtiyatlarımızın azalmasına gətirib çıxardır, bunu hətta, Xəzər dənizinin su səviyyəsin azalması ilə də anlamaq olur.
“Yeddi Gözəl” komandasının layihəyə “Araz” adını verməsi də təsadüfi deyil. “Yeddi Gözəl” Qəbələ şəhərində olan məşhur şəlalə, Araz isə Azərbaycanın ən gözəl çaylarından biridir. Komandanın üzvləri dahi şəxsiyyət, Türk dünyasının klassiki Nizami Gəncəvinin məşhur “Yeddi Gözəl” poeması və Qara Qarayevin eyniadlı məşhur baletini də unutmayıb.
Qeyd edək ki, “Teknofest” festivalı “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.
#banm #bhos #TEKNOFEST #banmtələbələri
