Xəbərlər

Bakı Ali Neft Məktəbində "Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları" keçirilir

Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan "Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları" keçirilir.

Konfranslar 18-29 aprel tarixlərini əhatə edir. "Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları" "Neft-qaz geologiyası və mühəndisliyi” konfransı ilə başlayıb. Konfransda Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu, AMEA Geologiya və Geofizika İnstitutu, AMEA Neft və Qaz İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin gənc tədqiqatçıları "Neft-qaz geologiyası və mühəndisliyi” mövzularında məruzələrlə çıxış ediblər.

Konfranslar 26-27 aprel tarixlərində "Proseslərin Avtomatlaşdırılması və İnformasiya Təhlükəsizliyi – 2022”, 27-29 aprel tarixlərində "Kimya və Kimya Mühəndisliyində Dayanıqlı İnkişaf” konfransları ilə davam edəcək. Konfranslarda Bakı Ali Neft Məktəbi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Milli Aviasiya Akademiyası, AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyasından olan gənc tədqiqatçılar məruzələrlə çıxış edəcəklər.

Qeyd edək ki, bu il konfranslara 238 tezis seçilərək qəbul olunub. Həmin tezislərin 101-i BANM-dən seçilib.

Konfranslar ölkəmizdə və xaricdə müvafiq sahələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri və elmi-tədqiqat qurumlarının tələbə və gənc tədqiqatçılarına həyata keçirdikləri tədqiqatların nəticələrini təqdim etmək üçün bir platforma rolunu oynayacaq, həmçinin bu istiqamətdə təcrübə və fikir mübadiləsinin genişləndirilməsinə şərait yaradacaq. Konfransın işçi dililəri: Azərbaycan, Rus və İngilis.

#banm #bhos #elmikonfrans #gənctədqiqatçılar