Xəbərlər

Professor Rəna Mustafayevanın həmmüəllifi olduğu kitab nəşr olunub

Bakı Ali Neft Məktəbinin "Ali təhsildən sonrakı təhsil (doktorantura)" şöbəsinin rəisi, kimya elmləri doktoru, professor Rəna Mustafayevanın həmmüəllifi olduğu “Alkil aromatik karbohidrogenlərin çevrilməsi proseslərində katalitik sistemlər” adlı kitabı nəşr olunub.

 

Beş fəsildən ibarət olan kitabın dörd fəslində aromatik karbohidrogenlərin çevrilməsi və onlardan monomerlərin alınması proseslərində katalitik sistemlərin işlənməsi üzrə Azərbaycan alimləri tərəfindən aparılmış elmi-tədqiqat işlərinin nəticələri təqdim olunub. Kitabın beşinci fəslində isə, sintetik yağların əsasının alınması məqsədi ilə olefinlərin oliqomerləşməsi və eləcə də, aromatik karbohidrogenlərin oliqomerləşmə məhsulları ilə alkilləşdirilməsinin katalitik sistemlərin işlənib-hazırlanması üzrə aparılan elmi-tədqiqat və təcrübi işlərin nəticələri təqdim olunub. Bununla yanaşı, kitabda 60 şəkil, 87 cədvəl verilib.

 

Qeyd edək ki, kitab kataliz sahəsində çalışan və müxtəlif proseslər üçün katalitik sistemlərin sintez məsələləri və alınma texnologiyaları ilə məşğul olan müəllimlər, ali məktəblərin tələbələri, həmçinin elmi işçilər, bu sahə ilə məşğul olan tədqiqatçılar üçün nəzərdə tutulan elmi nəşrdir.

 

Xatırladaq ki, 90-na yaxın elmi əsərin, 1 monoqrafiyanın, 3 tədris vəsaitinin müəllifi, həmçinin 3 patent sahibi olan Bakı Ali Neft Məktəbinin "Ali təhsildən sonrakı təhsil (doktorantura)" şöbəsinin rəisi, kimya elmləri doktoru, professor Rəna Mustafayeva uzun illər elm sahəsində fəaliyyət göstərir, uzun müddət elmi-tədqiqat institutlarında mühəndis, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. O, p-ksilolun və p-viniltoluolun toluolun (p-ksilolun) metanolla iki mərhələli prosesdə alkilləşməsi, stirolla etilbenzolun birgə alınması prosesləri üçün seolitlər əsasında effektiv katalizatorların işlənib-hazırlanması, eləcə də pirokondensatın və digər texniki aromatik konsentratın emalı üçün polifunksional katalizatorların yaradılması problemi ilə məşğul olub.