Xəbərlər

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbinin 10 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb

Hörmətli müəllimlər,
Əziz tələbələr və məzunlar,


Bakı Ali Neft Məktəbinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Sizi ölkəmizin bütün təhsil işçiləri adından səmimi-qəlbdən təbrik edir, hörmət və ehtiramımı bildirir, şərəfli elmi-pedaqoji fəaliyyətinizdə və təhsilinizdə uğurlar diləyir, ən xoş arzularımı yetirirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış BANM qısa müddət ərzində müasir standartlara uyğun, təhsil, elm və praktikanın vəhdətini nəzərdə tutan nüfuzlu ali təhsil ocağına, ölkədə və beynəlxalq aləmdə yaxşı tanınan brendə çevrilmişdir və ölkənin sosial-iqtisadi inkişafına böyük töhfələr verməkdədir.
BANM-də dünyanın aparıcı elm və təhsil mərkəzləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, keyfiyyətli təhsil almaq üçün məhz bu Universiteti seçən tələbələrin sayı əhəmiyyətli şəkildə artmışdır.
Bakı Ali Neft Məktəbində yüksəkixtisaslı mütəxəssislər cəlb edilməklə zəngin elmi potensial formalaşdırılmış, müasir standartlar səviyyəsində tədris və təcrübə təşkil edilmiş, neft sənayesi üçün peşəkar mühəndis kadrlarının hazırlanması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Təqdirəlayiq haldır ki, dünyada elm, təhsil və texnologiyaların misli görünməmiş sürətlə inkişaf etdiyi bir şəraitdə BANM yüksəkixtisaslı, rəqəmsal və xarici dil bacarıqlarına malik, müasir dünyagörüşlü, milli-mənəvi dəyərlərə sadiq yüksəkixtisaslı kadrların hazırlanmasını əsas hədəf kimi qarşıya qoymuşdur.

Hörmətli həmkarlar,
Əziz tələbələr və məzunlar,

Bu əlamətdar gündə hər birinizi ürəkdən təbrik edir, BANM-in bütün kollektivinə böyük uğurlar diləyir, müstəqil Azərbaycanın tərəqqisi və ölkəmizdə elm və təhsilin inkişafı naminə şərəfli fəaliyyətinizdə və təhsilinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,
Emin Əmrullayev
Azərbaycan Respublikasının təhsil naziri