Xəbərlər
BANM-in tələbələri hesabat verdilər
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri 2 ay müddətində müxtəlif sənaye obyektlərində keçdikləri yay istehsalat təcrübəsi ilə bağlı hesabat xarakterli təqdimatlarla çıxış edirlər. Təqdimatların nümayişi Ali Məktəbin rektoru Elmar Qasımov, Ümumi işlər üzrə prorektor Rəşad Həsənov, Neft-qaz mühəndisliyi kafedrasının müdiri Arif Məmmədzadə, Kimya mühəndisliyi kafedrasının müdiri Sevda Fətullayeva, Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayeva, kafedra və şöbə əməkdaşlarının, həmçinin müxtəlif transmilli şirkətlərin mütəxəssislərinin iştirakı ilə keçirilir. Belə ki, BANM-in “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının 2-ci və 3-cü kursda təhsil alan tələbələri 13 iyul – 30 avqust və 6 iyul – 31 avqust tarixlərində SOCAR-ın müxtəlif strukturlarında, SOCAR UPSTREAM Management, “Neft Daşları”, “28 may” və digər Neft və Qazçıxarma İdarələrində, “Azərikimya” İstehsalat Birliyində, “Halliburton”, BP və digər transmilli beynəlxalq şirkətlərdə yay istehsalat təcrübəsi keçiblər.
Bununla yanaşı, BANM-in “Kimya mühəndisliyi” ixtisası üzrə III kursda təhsil alan 10 tələbəsi 1-24 iyul və 26 iyul-14 avqust tarixlərində yay istehsalat təcrübələrini Türkiyənin İzmir şəhərində “Petkim” şirkətinin müəssisələrində keçiblər. BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs tələbələri isə 1 iyul-15 avqust tarixlərində 5 şirkətdə - Nəzarət Ölçü Cihazları və Avtomatika , Emerson Process Management, Schneider Electric, AVANDSIS GROUP, Atenau LTD şirkətlərində istehsalat təcrübəsi keçiblər.
Tələbələr hesabat xarakterli təqdimatlarında sənaye obyektlərində keçdikləri istehsalat təcrübəsi haqqında fikirləri, təəssüratları və təcrübə zamanı əldə etdikləri biliklər haqqında danışırlar.
Xatırladaq ki, BANM-in tələbələri hər il uzunmüddətli yay istehsalat təcrübələrini Ali Məktəbin əməkdaşlıq etdiyi müxtəlif transmilli şirkətlərdə keçirlər. Bu müddət ərzində tələbələr tədris müddətində əldə etdikləri bilikləri təcrübədə tətbiq edərək gələcək peşə bacarıqlarını təkmilləşdirirlər.
Qeyd edək ki, təqdimatlar avqustun 31-dən sentyabrın 11-dək davam edəcək.