Xəbərlər

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni il münasibəti ilə təbriki

Əziz dostlar və BANM ailəsi,

Yola salmaqda olduğumuz 2021 - ci il dünya və ölkəmiz üçün əhəmiyyətli hadisələrin baş verdiyi il oldu. Bu il ölkəmiz Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qəhrəman Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda apardığı haqq mübarizəsində qazandığı Böyük Qələbənin birinci ildönümünü - ilk Zəfər Gününü qeyd etdi.

2021-ci il Bakı Ali Neft Məktəbi (BANM) üçün tarixi, unudulmaz il olaraq qalacaq. Bu il BANM ilk 10 illik yubileyini qeyd etdi. Ötən 10 il ərzində Bakı Ali Neft Məktəbi ölkənin ən nüfuzlu ali təhsil müəssisəsinə çevrildi və Azərbaycanın təhsil tarixində bir sıra ilklərə imza atdı. Bir sözlə, Prezident cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi oldu.

Bütün bunların fonunda Bakı Ali Neft Məktəbi olaraq peşəkar, bacarıqlı, yüksək intellektual səviyyəyə malik kadr hazırlığı missiyasını bu il də müvəffəqiyyətlə davam etdirmişik. 2021-ci ildə də BANM ölkə təhsil sistemində rəqabətə davamlılığı və yüksək nəticələri, əldə etdiyi uğurları ilə fərqlənib. Bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 33-nün Ali Məktəbimizdə təhsil alması bizim üçün böyük qürur və fəxarətdir. BANM bu göstərici ilə Azərbaycan təhsil tarixində daha bir rekorda imza atdı.

Qazandığımız uğurlarda hər birinizin əməyi əvəzsizdir. Göstərdiyiniz həmrəylik və peşəkarlıq üçün Sizə təşəkkür edir, birgə yeni nailiyyətlər arzulayıram. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi və ailənizi təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm!

Bayramlarınız mübarək!

Dərin hörmətlə,                                                             

Elmar Qasımov

Bakı Ali Neft Məktəbinin rektoru