Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbəsi Avropa İttifaqının təşkil etdiyi yarışa qatılıb

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Hüseyn Qəmbərov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi (Aİ) və Gənc Avropa Səfirləri (GAS) tərəfindən təşkil olunan, Aİ tərəfindən maliyyələşdirilən və “AgroVision” layihəsi çərçivəsində keçirilən hakaton-yarışda iştirak edib. Yarışın əsas mövzusu şəhər-kənd əlaqəsinin gücləndirilməsi və yerli istehsal olunan qida məhsullarının milli istehlakının artırılmasıdır.  İki gün davam edən tədbirin məqsədi qida istehsalı, paylanması və istehlakı ilə bağlı aktual problemləri həll etmək üçün Bakıdakı İnformasiya texnologiyaları (İT) və Startap icmalarının nümayəndələrini regionlardan olan yerli qida istehsalçıları ilə bir araya gətirməkdir.

Hüseyn Qəmbərov bu tədbirdə Kapital Bankdan olan həmkarları Əminə Hacıyeva, Kəmaləddin Əhmədzadə və Tural Salamovla birgə komanda olaraq iştirak ediblər. Onlar  iki gün ərzində problem həlləri, rəqabət üstünlüyü və digər mühüm amilləri özündə əks etdirən biznes model hazırlayıblar. Gənc startapçılar 13 komanda arasında 3-cü yerə layiq görülüblər.