Xəbərlər

Gənclər və idman naziri Bakı Ali Neft Məktəbində

Gənclər və idman naziri Fərid Qayıbov Bakı Ali Neft Məktəbində (BANM) olub. BANM-in rektoru Elmar Qasımov naziri Ali Məktəbin maddi-texniki bazası, tədris otaqları, tədqiqat laboratoriyaları, Ali Məktəbdəki muzey eksponatları, Tələbə evi, sosial və idman infrastrukturu ilə yaxından tanış edib, buradakı tədris prosesi, tələbələrə yaradılan şərait barədə məlumat verib. Qonaq BANM-in Konqres zalında Prezident İlham Əliyevin Ali Məktəbin kampusunun açılışında çıxışını, kampusun 360 dərəcə virtual video görüntüsünü izləyib.

Nazir Ali Məktəbin üzgüçülük hovuzu, tennis zalı, fitnes mərkəzi, futbol meydançası, ümumilikdə idman infrastrukturu ilə də tanış olub. Rektor BANM-də müxtəlif idman növləri üzrə klubların fəaliyyət göstərdiyini və hər tələbənin mütləq bir idman klubuna üzv olduğu barədə məlumat verib.

Üzgüçülük klubunun məşqini izləyən nazir Fərid Qayıbov BANM-də idman üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, Ali Məktəbin futbol və voleybol komandalarının Azərbaycan çempionatında iştirakını təklif edib. Elmar Qasımov Bakı Ali Neft Məktəbinin stolüstü tennis komandasının da yüksək səviyyədə olduğunu və onların da çempionata qatıla biləcəyini qeyd edib.

Daha sonra nazirin iştirakı ilə Ali Məktəbdə təhsil alan Prezident təqaüdçüləri, Tələbə gənclər təşkilatlarının sədrləri, Gənclər klublarının rəhbərləri ilə görüş keçirilib. Görüşdə Elmar Qasımov Fərid Qayıbovu nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Rektor gərgin iş qrafikinə baxmayaraq, BANM-ə və tələbələrə vaxt ayırdığı üçün nazirə təşəkkür edərək, təyin olunduqdan sonra ali məktəblərdə ilk görüşünün BANM-də baş tutmasının və bura gəlməsinin qürurverici olduğunu bildirib.

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olaraq yüksəkixtisaslı, ingilisdilli kadr yetişdirmək missiyasını uğurla həyata keçirdiyini və bundan sonra da şərəflə davam etdirəcəyini qeyd edib.

O, Ali Məktəbin Prezident təqaüdünə layiq görülən tələbələrinin sayının hər il artdığını və bu il 102 nəfərdən 33-nün BANM-in tələbəsi olması ilə Azərbaycan təhsil tarixində rekord göstəriciyə çatdığını bildirib.

Bakı Ali Neft Məktəbində olmağından məmnunluğunu ifadə edən Fərid Qayıbov buradakı şəraiti, müasir tədris prosesini yüksək qiymətləndirib: "Bakı Ali Neft Məktəbində yaradılan şərait məni müsbət mənada heyrətləndirdi. Xüsusilə buradakı idman üçün yaradılmış şəraiti heç bir ali məktəbdə görmək mümkün deyil. Bu cür yüksək təhsil sisteminə, infrastruktura malik ali məktəbdə olmaqdan məmnunam. BANM-in uğurlu tələbələri ilə fəxr edirəm".

Səmimi şəraitdə keçən görüşdə nazir tələbələri maraqlandıran sualları cavablandırıb, onların fikir və təkliflərini dinləyib. Sonda Fərid Qayıbova Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi və xatirə hədiyyəsi təqdim olunub.