Xəbərlər

Prezident təqaüdçüsü: “Bakı Ali Neft Məktəbində təhsil almaq ən böyük arzum olub”

Cəmilə Yusifova 2004-cü ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 1 nömrəli tam orta məktəbin məzunudur. İmtahanlarda 685,3 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102, BANM üzrə 33 tələbədən biridir.

BANM-ə qəbul olunan Prezident təqaüdçüsü Cəmilə deyir ki, Bakı Ali Neft Məktəbi Azərbaycanda ən prestijli ali təhsil ocağıdır.

 

- Cəmilə, Bakı Ali Neft Məktəbində təhsil almaq istəyi necə yarandı?

-Bakı Ali Neft Məktəbində təhsil almaq ən böyük arzum olub. Məncə, Bakı Ali Neft Məktəbi Azərbaycanda ən prestijli ali məktəbdir. Bu Ali Məktəb tələbələrə çox fürsətlər, imkanlar yaradır.  

Mənim qardaşım - Yusifov Əli də 4 il əvvəl, 2017-ci ildə BANM-ə qəbul edilib. O, burada Proseslərin avtomatlaşdırılması ixtisasında təhsil alıb. Daha sonra BANM-in dəstəyi və yaratdığı imkan sayəsində təqaüdlə Malayziyanın Petronas Texniki Universitetinə daxil olub. Hazırda orada Neft-qaz sahəsi üzrə təhsil alır. 

 

- İxtisas seçiminizi necə etmisiniz?

- İnformasiya təhlükəsizliyi sahəsinə çox böyük həvəsim var. Abituriyent olduğum müddətdə informasiya təhlükəsizliyi ilə çox maraqlanırdım. Bu marağım o qədər böyük idi ki, hətta internetdən Python proqramlaşdırma dili öyrənirdim. Qardaşım da mənim BANM-də təhsil almaq arzumu bilirdi. İxtisas seçimində də hər zaman mənə dəstək olub. 

 

- Qəbul imtahanlarına necə hazırlaşırdınız?

- Qəbul imtahanlarına ciddi şəkildə hazırlaşmışam. Günümün 90 faizini test tapşırıqları etməklə keçirirdim, təkrarlar edirdim. Düşünürəm ki, hazırlıq dövründə öyrəndiklərinin yadda qalması üçün ən vacibi mütəmadi təkrar etməkdir. İmtahana hazırlaşana qədər çox həyəcanlı deyildim. Bu həyəcan imtahan zamanı yarandı, lakin suallarla tanış olduqdan sonra artıq həyəcan keçdi. Sualların asan olduğunu gördüm, ona görə də suallara daha rahat cavab yazdım.

 

- Artıq dərslərə başlamısınız. BANM haqqında ilkin təəssüratınızı bölüşməyinizi istərdik.

- Bakı Ali Neft Məktəbində mühit, müəllimlər, dərs keyfiyyəti yüksək səviyyədədir. Dərslərdən, müəllimlərimdən çox razıyam. Hər gün deyirəm ki, yaxşı ki, Bakı Ali Neft Məktəbinə qəbul olmuşam, yaxşı ki, buranı seçmişəm. 

 

- Gələcək planlarınız, hədəfləriniz nələrdir?

- BANM-də yüksək keyfiyyətli və beynəlxalq səviyyədə təhsilimi başa vurduqdan sonra xaricdə təhsil almaq və Vətənimiz üçün peşəkar kadr olmaq istəyirəm. Hazırda gələcəklə bağlı hədəfim budur. Peşəkar kadr olaraq Azərbaycana qayıdıb, burada öz işimi qurub ölkəmə xeyir vermək niyyətindəyəm.