Xəbərlər
BANM-in tələbələri SOCAR Yay Məktəbi 2015 layihəsində
2 avqust tarixində SOCAR-ın İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsi və Xarici Təqaüd proqramının məzunları tərəfindən təşkil olunan "SOCAR Yay Məktəbi 2015" layihəsinə start verilib. Bakı Ali Neft Məktəbinin II kursunda təhsil alan 6 tələbəsi (Balaşov Emin, Əhmədov Camal , Babazadə Simuzər , İsmayılov Murad , Qafarlı Sevinc , Rzayev Kamran) layihənin bütün qəbul şərtlərindən keçərək bu məktəbdə iştirak etmə hüququnu qazanıblar. Bu münasibət ilə BANM tələbələrini təbrik edir və layihədəki fəaliyyətlərində uğurlar arzulayırıq!
Qeyd edək ki, layihə "Ramada" otelində 10 gün müddətində keçiriləcəkdir. Bu müddət ərzində iştirakçılara SOCAR-ın fəaliyyət çərçivəsinə daxil olan enerji sektorunun müxtəlif sahələri barədə təlimlər keçiriləcək və təcrübi biliklərinin gücləndirilməsi məqsədilə ekskursiyalar təşkil olunacaq. Bundan əlavə, layihə müddətində tələbələrin istirahəti və müsbət atmosferin yaradılması üçün əyləncəli və intellektual oyunlar təşkil olunacaq. Yay məktəbinin ikinci hissəsində fəal iştirakçıların 5 xarici ölkəyə (Böyük Britaniya, İsveçrə, Türkiyə, Rumıniya, Gürcüstan) səfəri nəzərdə tutulur.
Xatırladaq ki, ötən il keçirilən “SOCAR Yay Məktəbi 2014” layihəsində iştirak etmiş BANM-in iki tələbəsindən biri, “Kimya mühəndisliyi ixtisası” üzrə təhsil alan III kurs tələbəsi Ruslan Hacıyev qalib olduğu komanda ilə birlikdə İsveçrəyə səfərə göndərilmişdir.