Xəbərlər

BANM tələbəsinin layihəsi 7-ci qrant müsabiqəsində qalib seçilib

Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Rəvan Adilovun “Neft kapitalından çevrilmiş insan kapitalı” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 1 may–1 iyun 2015- ci il tarixlərində 7-ci qrant müsabiqəsində qalib layihələrdən biri elan olunub. Bu münasibət ilə BANM-in rəhbərliyi və kollektivi adından tələbimizi ürəkdən təbrik edir və ona layihənin icrasında uğurlar arzulayırıq!

Rəvan Adilovun sözlərinə görə, bu layihənin keçirilməsində əsas məqsəd SOCAR-ın hesabına xaricdə təhsil alan azərbaycanlıların mühəndislik ixtisaslarında təhsil alan tələbələrə ixtisas və təcrübi biliklərinin bölüşməklə onları təhsildə motivasiya etmək və yüksək ixtisaslı peşəkar mütəxəssis kimi yetişmələrinə dəstək olmaqdır. “Neft kapitalından çevrilmiş insan kapitalı” layihəsi 6 gün ərzində Bakı Ali Neft Məktəbində keçiriləcək. Ümumilikdə 6 mütəxəssisin iştirak edəcəyi layihənin açılış və bağlanış mərasimlərində ali məktəblərin, SOCAR-ın və Gənclər Fondunun nümayəndələri iştirak edəcək. Layihə ərzində SOCAR-ın hesabına xaricdə təhsil alan gənclər tələbələrə ölkəmizin neft siyasəti, əsrin müqaviləsi, TANAP və TAP layihələri və daha dərin ixtisasi biliklər haqqında ətraflı məlumat verəcək və onların suallarını cavablandıracaqlar. Layihədən xüsusilə 2, 3, 4-cü kurs bakalavr və magistr mühəndislik ixtisaslarında təhsil alan tələbələr faydalana biləcəklər.