Xəbərlər

Bakı Ali Neft Məktəbinin dosent və tələbəsinin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi kafedrasının 5-ci kurs tələbəsi Nurlan Əmirov və dosenti Amir Reza Vakhshourinin məqaləsi Elsevier tərəfindən “International Journal of Hydrogen Energy” jurnalında nəşr olunub.

 

“Fischer-Tropsch sintezi məhsul seçiciliyinin və katalizator aktivliyinin cavab səthi metodologiyası vasitəsi ilə  riyazi modelləşdirmə və optimizasiyası: Kobalt karbid hissəcik ölçüsü və H2/CO nisbəti təsirləri” adlı məqalə 13 noyabr, 2020-ci il tarixində işıq üzü görüb.

 

Məqalənin əsas mövzusu kobalt karbid hissəcik ölçüsü və H2/CO nisbətinin Fischer-Tropsch məhsul seçiciliyi və katalizator aktivliyi üzərindəki təsirlərinin statistik modelləşdirmə vasitəsilə araşdırılması, eləcə də katalizator aktivliyinin və arzuolunan karbohidrogenlər fraksiyasının seçiciliyinin artırılması üçün optimal şəraitlərin  tapılması olub.

 

Qeyd edək ki, “International Journal of Hydrogen Energy” dərgisi Beynəlxalq Hidrogen Enerjisi Assosiyasiyasının (IAHE) rəsmi jurnalıdır.  Sözügedən jurnal alimlər və mühəndislər arasında hidrogen enerjisi   sahəsində   yeni   fikirlərin,   texnoloji   yeniliklərin   və   tədqiqat  nəticələrinin mübadiləsi və yayılması üçün mərkəzi bir vasitə təmin etməyi hədəfləyir. Jurnalın 2019-cu ildə qeydə alınmış impact faktoru 4.939 olmuşdur.