Xəbərlər

BANM-in könüllüləri: Bu yarışların bir hissəsi olmaqdan qürur duyduq

Azərbaycanın ev sahibliyi etdiyi, yüksək səviyyədə təşkil olunmuş və uğurla keçirilən I Avropa Oyunlarının bağlanış mərasimində Avropa Oyunları Təşkilat Komitəsinin sədri. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva könüllülərə xüsusi təşəkkür etdi. Bakı Ali Neft Məktəbinin 30-dan çox tələbəsi də bu təşəkkürə layiq görülən könüllülərin sırasında oldu. Bəs BANM-in könüllü kimi fəaliyyət göstərən tələbələri I Avropa Oyunları haqda nə düşünürlər, burada könüllü kimi iştirak etmələri hansı təəssüratlarla yadda qalıb? Bu sualı BANM-in könüllülərinə ünvanladıq.

Samirə Məmmədova, II kurs, Kimya mühəndisliyi ixtisası:

- Öncə demək istərdim ki, könüllülük çox gözəl bir təcrübədir. Birinci Avropa Oyunlarında həm ölkəmizi layiqincə təmsil etməyə yardımçı olduq, həm təcrübə, həm də unudulmaz yeni dostluqlar qazandıq. Təşkilatçılıq və mühit o qədər yüksək səviyyədə idi ki, bəzilərimiz hələ də oyunların bitdiyinə inana bilmirik. Tərkibində olduğum komanda isə, demək olar ki, bu günə qədər birlikdə çalışdığım ən unudulmaz və əvəzolunmaz komanda idi. Bu, mənim həm də ingilis dili biliklərimin inkişafına səbəb oldu, bunlar unudulmaz bir təcrübə idi. Xarici könüllülərlə qaynayıb qarışmağımız isə, yeni mədəniyyətlər öyrənib öz mədəniyyətimizi təmsil etməyimizə imkan yaratdı. Bu, mənim üçün əvəzolunmaz bir təcrübə idi.

Rəvan Adilov, III kurs, Neft-qaz mühəndisliyi ixtisası:

- I Avropa Oyunlarının ölkəmiz üçün olduqca əhəmiyyətli olduğunu düşünürəm. Dünya səviyyəli bu idman yarışının ilk dəfə Azərbaycana həvalə olunması ilə ölkəmiz bu oyunların standartlarını təyin etmiş oldu. Bu artıq bir reallıqdır ki, Avropa Oyunları məhz Azərbaycanın uğurlu ev sahibliyindən sonra Olimpiya oyunları səviyyəli idman bayramı kimi qarşılanır və qəbul olunur. Düşünürəm ki, biz gənclər bu qürur hissini yaşamaqla yanaşı, oyunların ərsəyə gəlməsində əlimizdən gələni etməli idik. Olduqca sevindirici haldır kı, ölkənin birinci xanımı, Avropa Oyunları təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, oyunların belə möhtəşəm təşkil olunmasında 17 minə yaxın könüllü və müxtəlif vəzifələrdə çalışan gənclərin rolu böyükdür. Oyunlar ərəfəsində kiçikdən böyüyə qədər, ətrafimda olan hər kəs birlik nümayiş etdirdi. Hətta heç bir vəzifəni icra etməyən vətəndaşlarımız da, oyunlara böyük həvəsi və yüksək qonaqpərvərliyi ilə turistlərə əsl xalqımıza məxsus ev sahibliyi nümayiş etdirdilər. Oyunlar ərəfəsində şəhərə çıxdığın zaman hər kəsin bir amal uğrunda birləşdiyi hiss olunurdu. Biznes müəssisələrindən tutmuş, təhsil, tibb, nəqliyyat, hüquq mühafizə orqanlarına qədər hər kəs bir- birinə doğmalaşmış və bu oyunların uğurla keçirilməsi üçün öz qüvvələrini səfərbər etmişdi. Bunun səbəblərindən birinin vətənpərvərlik amili olduğunu düşünürəm. Çünki bu həqiqətən Azərbaycan müstəqillik tarixinin ən böyük idman tədbiri idi. Mən və dostlarım bu yarışların bir hissəsi olmaqdan qürur duyduq. Əslində bu bizim üçün böyük bir təcrübə və nümunə oldu. O nümunə ki, Azərbaycanın gələcəyi olaraq bu uğuru davam etdirmək və bu gun ölkə başçısı tərəfindən əsası qoyulan bu ənənəni öyrənmək və yaşatmaq.

Mustafa Əsgərov III kurs, Neft-qaz mühəndisliyi ixtisası:

- "Bakı-2015" I Avropa Oyunlarını keçirməklə Azərbaycan bir daha qüdrətini dünyaya nümayiş etdirdi. Bu 17 gün ərzində bütün dünyanın gözu Azərbaycanın üzərində oldu və I Avropa Oyunları öz möhtəsəmliyi ilə bütün dünyanı heyran qoydu. İdmançılarımızın qələbələri bu oyunları daha böyük zirvələrə qaldırdı. Azərbaycan komandasının ikinci yer tutması, bütövlükdə 56 medal, o cümlədən 21 qızıl medal qazanması tarixi qələbə oldu, Azərbaycan idmanının qələbəsi və bu qələbə Azərbaycanın gələcəkdə daha böyük, möhtəşəm tədbirlərə ev sahibliyi etməsi üçün stimul oldu. Şübhəsiz, idmanın inkişafı, qazanılan qələbələr ölkəmizin ümumi inkişafının göstəricisidir. Ancaq bu möhtəşəmliyin arxasında bir isçi qüvvəsi, bir enerji dolu Azərbaycan gəncliyi, Azərbaycan könüllüsü dururdu və bu 10 mindən çox könüllü artıq I Avropa Oyunlarının qəhrəmanlarına çevrildilər. Ən maraqlı məqamlardan biri də bu oldu ki, könüllülər öz əməkləri müqabilində Azərbaycan xalqının hörmətini qazandılar. Bu könüllülük müddətində biz həm əyləndik, yeni-yeni dostlar qazandıq, qrup ilə işləməyi və komanda ruhunun yaradılması bacarıqlarını təkmilləşdirdik, həm də Azərbaycanımızı layiqincə təmsil etməyə calısdıq. Könüllü olaraq hamının bir məqsədi var idi. Vətənimizin, millətimizin adını yüksəkdə tutmaq və bütün dünyaya Azərbaycan gəncliyinin gücünü görtərmək. Bir daha Azərbaycanın könüllü gəncləri sübut etdi ki, onlar ücün Vətənimizə, millətimizə olan sevgi maddi maraqlardan öndədir və nə xoş bizə ki, Azərbaycanda kecirilən dünya miqyaslı tədbirdə biz gənclərin də az da olsa bir əməyi oldu.

Vahid Mustafayev, I kurs, Neft-qaz mühəndisliyi ixtisası:

- Könüllü kimi I Avropa Oyunlarında iştirakımdan çox məmnun qaldım. Hətta oyunlar başa çatdıqdan sonra, oradakı dostlarım üçün darıxmağa başlamışam. Çünki qrupda tamam başqa, çox xoş əhval-ruhiyyə vardı. Birlikdə keçirdiyimiz 3 3 ay, 18 gun sanki bir göz qırpımında keçdi. Bu oyunların ölkəmizdə keçirilməsi biz gənclərin öz potensialını üzə çıxarmasında da, komandada işləmə bacarıqları, o cümlədən Azərbaycanı tanıtmaq baxımından çox əhəmiyyətli oldu. Gələcəkdə 2017-ci il İslam həmrəylik Oyunlarında da könüllü kimi iştirak etmək fikrim var.

Amail Məmmədova, III kurs, Kimya mühəndisliyi ixtisası:

- Avropa Oyunları ölkəmizin təşkil etdiyi ən möhtəşəm idman yarışlarından biri oldu və buna görə də, bunun bir üzvü olmaq mənim üçün qürurvericidir. Eyni zamanda, ölkəmizdə könüllülərə böyük rəğbət bəslənir ki, bu da məndə fəxr hissi yaradır və sevinirəm ki, mən də könüllülər sırasına daxil ola bilmişəm. Mən oyunlar ərzində Çimərlik arenasında Protokol qrupunun üzvü kimi fəaliyyət göstərmişəm. İşlədiyim müddətdə çox maraqlı, gülərüz, savadlı milli və əcnəbi gənclərlə tanış oldum. Bu da mənə ünsiyyət qurmaq, komandada işləmək kimi bacarıqlarımı inkişaf etdirməyə və yeni dostlar qazanmağa çox kömək etdi.