Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbəsi 15 ən yaxşı gənc spiker siyahısına düşüb
Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasının II kurs tələbəsi Aytən Sədirova Ali Məktəbi “Beynəlxalq Natiqlik Yarışması 2020”nin Azərbaycan üzrə keçirilən mərhələsində təmsil edib.
Belə ki Aytən Sədirova müsabiqədə iştirak edən 50 nəfər arasından seçilərək finala çıxıb və 15 ən yaxşı spiker siyahısına düşüb. O qeyd edib ki, yarış ingilis dilində səlist danışmağı təkmilləşdirir, eyni zamanda kommunikasiya bacarıqlarını inkişaf etdirməyə, intellektual insanlarla tanış olmağa və natiq olmaq üçün ən önəmli şərtləri başa düşüb tətbiq etməyə olduqca kömək edir.
“İki hissədən ibarət yarışma zamanı iki dəfə 'Necə yaxşı spiker olmaq olar” mövzusu ilə bağlı effektiv treninqlər keçirildi. Final mərhələsinə keçiddə spontan nitq üzrə 91.5 balla ilk finalist seçildikdən sonra “İndi yoxsa sonra?” adlı çıxışıma hazırlaşmağa başladım. Fikrimcə, günümüzün ən aktual problemlərindən biri olan təxirə salmaq haqqında danışmaq, bu problemə həllər taparaq bunu auditoriyaya çatdırmağa çalışmaq həyatımın ən maraqlı təcrübələrindən biri oldu” – deyə, Aytən Sədirova əlavə edib.
Beynəlxalq Natiqlik Məktəbinin Azərbaycan üzrə direktoru Kənan Məmmədov yarışmada 16-20 yaş arası gənclərin iştirak etdiyini bildirib. O, həmçinin, BANM-in rektoru Elmar Qasımova Ali Məktəbin tələbələrinin spiker kimi yetişməsi üçün yarışmada iştirakına şərait yaratdığına, eləcə də fəal diqqət və dəstəyinə görə təşəkkür edib.
Seçilmiş 15 gənc natiq fərqlənmə diplomları ilə təltif edilib.
Beynəxalq Natiqlik Məktəbinin (ISPC - International School of Public Speaking) təşkilatçılığı ilə keçirilən Azərbaycan Natiqlik Yarışması (APSC - Azerbaijan Public Speaking Competition) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən təhsil proqramıdır. Proqram 9 fərqli istiqamət üzrə uşaqlar, yeniyetmələr, gənclər və şirkətlər üçün təqdimat, ünsiyyət və natiqlik kimi bacarıqları inkişaf etdirən müxtəlif fəaliyyətlər təklif edir. Proqram çərçivəsində il boyu təlimlər, yarışmalar, yay məktəbləri təşkil edilir.
APSC – Böyük Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU – “The English-Speaking Union” təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər.