Xəbərlər
Bakı Ali Neft Məktəbində növbəti dəfə BP-nin Skills Refinery proqramının təqdimatı keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə BP şirkətinin tələbələrin işlə təmin olunma imkanlarının artırılmasına yönəlmiş, qlobal onlayn portal olan "Skills Refinery" ("Bacarıqların təkmilləşdirilməsi") proqramının təqdimatı keçirilib.
Təqdimat BP şirkətinin işə götürmə üzrə məsləhətçiləri Mehriban Şıxzamanova, Səbinə Vəliyeva, eləcə də şirkətin İnsan resursları üzrə mütəxəssisi Leyla Salehli tərəfindən aparılıb.
Təqdimatın əsas məqsədi tələbələrin öz bacarıqlarını gələcəyin tələblərinə uyğunlaşdırmasına və daim dəyişməkdə olan dünyada uğur qazanmaları üçün lazımi bacarıqlara yiyələnməsinə dəstək olmaqdır. "Skills Refinery" tələbələrdə beş bacarıq sahəsində - kritik məsələlərin həlli, innovasiya, təsir və ünsiyyət, emosional intellekt və koqnitiv çeviklik sahələrində öz qabiliyyətlərini sınamaq və inkişaf etdirmək fürsəti verir.
BP şirkətinin işə götürmə üzrə məsləhətçisi Mehriban Şıxzamanova tələbələr qarşısında çıxışı zamanı bildirib ki, "Skills Refinery" tələbələrə özlərini sınamağa, interaktiv yoxlamalardan istifadə etməklə bacarıqlarını təkmilləşdirməyə və nailiyyətlərini izləməyə imkan verir.
Təqdimatda BP-nin “Skills Refinery” proqramının ötən ilki qlobal qaliblərindən olan, Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Coşğun Səmədov və Cahid Süleymanov çıxış edərək proqramla bağlı təəssüratlarını, qazandıqları təcrübə və yeni vərdişlərini digər tələbələrlə bölüşüblər. Qaliblər BANM tələbələrini bu proqramda iştirak etməyə dəvət edib.
Hazırda BP-də çalışan, BANM-in Kimya mühəndisliyi ixtisasının məzunu Əhməd Qələndərli çıxış edərək öncə iş təcrübəsinin verdiyi imkanlar, həyatına qazandırdığı məqamlar barədə danışıb. Daha sonra o, tələbələr üçün nəzərdə tutulmuş proqram çərçivəsində keçəcəkləri təlimlərə, texniki mentor məsələsinə toxunaraq bu cür imkanlardan maksimum yararlanmağın vacib olduğunu vurğulayıb.
Təqdimat sual cavab sessiyası ilə yekunlaşıb.
"Skills Refinery" proqramının iştirakçıları üçün rəqabət və həyəcan hissini artırmaq məqsədilə BP şirkəti tərəfindən qlobal yarış təşkil olunacaq. Bu dəfəki yarışın mövzusu “2030-cu ildə enerji istehlakı nəyə bənzəyəcək” sualına həsr olunub. Tələbələr komanda şəklində mövzunu yaxşı araşdırıb müzakirə edəndən sonra 5 dəqiqəlik video təqdimat yolu ilə ölkə səviyyəsində yarışda iştirak edəcəklər.
Ölkə səviyyəsində qalib gələnlər qlobal yarışmaya qatılacaqlar və BP-nin baş ofisindəki mütəxəssislərdən ibarət münsiflər qlobal səviyyədə qalibləri müəyyən edəcək.