Xəbərlər

İtaliyanın Tenaris şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq müzakirə olunub

Bakı Ali Neft Məktəbində (BANM)  İtaliyanın “Tenaris” şirkətinin nümayəndələrinin görüş keçirilib.  Görüşdə “Tenaris” şirkətinin Xəzər bölgəsi üzrə baş direktoru Alessandro D’Angelo, şirkətin Azərbaycan və Türkiyə ölkələri üzrə satış  meneceri  Andrey Pilipenko, şirkətin Qazaxıstan üzrə işçilərlə iş koordinatoru Səltənət Baltayeva və BANM-in professor-müəllim heyəti iştirak edib.

 

Görüşün əsas məqsədi şirkətin Ali Məktəblə birgə effektiv əməkdaşlığının qurulması və gələcək perspektivlərinin müzakirəsi olub.

 

Qonaqları salamlayan BANM-in Tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov Ali Məktəb haqqında məlumat verərək bildirib ki, BANM ölkənin ilk ingilis dilli texniki ali təhsil müəssisəsidir və tədris Böyük Britaniyanın Heriot-Watt Universiteti ilə birgə ikili diplom proqramı əsasında həyata keçirilir. Onun sözlərinə görə, hər il I qrup üzrə ən yüksək ballı abituriyentlərin əksəriyyəti BANM-i seçir və Ali Məktəb hər il prezident təqaüdçülərinin sayına görə ölkə reytinqində ilk sıralarda qərarlaşır.  Z.Qurbanov ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlığın qurulduğunu, tələbələrin həmin şirkətlərdə istehsalat təcrübələri keçməsi üçün əlverişli şəraitin yaradıldığını, tələbələrin beynəlxalq mübadilə proqramlarına qoşulduğunu, eləcə də beynəlxalq şirkətlərlə və universitetlərlə birgə həyata keçirilən elmi-tədqiqat layihələri barədə məlumatları qonaqların diqqətinə çatdırıb.

 

“Tenaris“ şirkətinin Xəzər bölgəsi üzrə baş direktoru cənab Alessandro D’Angelo xoş qarşılanmaya görə təşəkkür edib. Cənab A.D’Angelo  bildirib ki, Azərbaycan neft-qaz resursları baxımından zəngin ölkədir, TAP (“Trans-Adriatik” qaz kəməri) layihəsi çərçivəsində Azərbaycanın təbii qazının Avropaya, Adriatik dənizindən keçməklə İtaliyaya nəql edilməsi işi strateji baxımından hər iki ölkə üçün önəmlidir və şirkət olaraq neft-qaz boruları ilə bağlı xidmətlər göstərir. O qeyd edib ki, şirkət Azərbaycanda bir çox qurumlarla əməkdaşlıq edir və bu ildən ölkənin aparıcı mühəndis hazırlayan təhsil müəssisəsi - Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq qurmağın vacib olduğunu bildirib: “Şirkətimiz daxilində “Tenaris” koorparativ universitet platforması var, hər il dünyanın müxtəlif universitetlərinin mühəndislik ixtisasının tələbələri bizim təklif etdiyimiz təqaüd, mübadilə, təcrübə proqramlarında iştirak edir, boruların hazırlanması ilə bağlı təlimlərdə iştirak edərək sonda sertifikatla təmin olunurlar. İstərdim ki, sizin Ali Məktəbin  tələbələri də bizim təklif etdiyimiz proqramlarda aktiv iştirak etsinlər”.

 

Görüşün sonunda şirkət nümayəndələri Ali Məktəbin kampusu və yaradılmış şəraitlə yaxından tanış olublar.

 

Baş qərargahı Lüksemburq şəhərində yerləşən İtaliyanın “Tenaris“ şirkəti 2001-ci ildə Milanda yaradılıb. Şirkət əsasən neft-qaz, yanacaq, enerji və maşınqayırma sənayeləri üçün şovsuz polad boruları istehsal edən dünya üzrə nəhəng şirkətdir

 

Şirkətin Argentina, İtaliya, Meksika, Yaponiya, Braziliya olmaqla, 5  tədqiqat və inkişaf mərkəzi fəaliyyət göstərir. “Tenaris” şirkəti Cənubi Amerika ölkələrinin qaz kəmərləri üçün qaynaq və polad boruların təchizi üzrə bölgədə aparıcı şirkətdir. Şirkətin istehsal qüvvəsi Argentina, Braziliya, Kanada, Çin, Kolumbiya, İtaliya, Yaponiya, Meksika, Rumıniya, ABŞ və Venesuellada  mərkəzləşib.

 

Şirkət  2018-ci ilin dekabr ayından etibarən  Azərbaycanda fəaliyyət göstərir.