Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbəsi Beynəlxalq Proqramlaşdırma Olimpiadasının Yüksək göstərici sertifikatı ilə təltif olunub

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Tbilisi şəhərində keçirilən Beynəlxalq Proqramlaşdırma Olimpiadasının Şimali Avrasiya regionu üzrə yarışda iştirak edib.
Ali Məktəbi yarışda 4 komanda təmsil edib. Komandaların rəhbəri BANM-in Proseslərin avtomatlaşdırılması kafedrasının baş müəllimi Süleyman Süleymanzadədir.
Yarışda Ali Məktəbi təmsil edənlər Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM), İnformasiya təhlükəsizliyi (İT), eləcə də Neft-qaz mühəndisliyi (NM) ixtisasının tələbələri Kamal Bağırlı (bakalavr, IV kurs) Rəhim Balabəyov (bakalavr, III kurs), Nərman Tağızadə (bakalavr, IV kurs), Əşrəf Abbasov (bakalavr, IV kurs), Azər Əliyev (bakalavr, IV kurs), Emil Nağızadə (bakalavr, IV kurs), Həsən Həsənov (bakalavr, II kurs), Kənan Məhəmmədli (bakalavr, II kurs), Mirnicat Cabbarlı (bakalavr, II kurs), Həsən İsgəndərli (bakalavr, II kurs), Xəyal Fərzəliyev (bakalavr, II kurs) və Famil Babayev (bakalavr, II kurs) olub.
Beynəlxalq Proqramlaşdırma Olimpiadasının yarımfinal mərhələsində komandalarmız uğurla iştirak edib və sertifikatlarla təltif olunub. “BHOS-1” komandasının üzvü Kamal Bağırlı 4 misalın həll olunmasına görə “Yüksək göstərici” sertifikatını qazanıb.
Ümumilikdə yarışda 15 müxtəlif ölkələrdən 275 komanda iştirak edib. Adıçəkilən yarışma sinxron olaraq eyni zamanda 4 şəhərdə - Tbilisi, Sankt-Peterburq, Barnaul və Alma-atada keçirilib.
ACM-ICPC (Association for Computing Machinery - International Collegiate Programming Contest – Kompüterləşdirmə Assosiasiyası - Universitet Tələbələri üçün Beynəlxalq Proqramlaşdırma Yarışı) əsasən Beynəlxalq Proqramlaşdırma Olimpiadası hesab olunur və universitet tələbələri üçün proqramlaşdırma sahəsində təşkil olunan dünyanın ən nüfuzlu yarışmasıdır. Tələbələr burada komanda şəklində öz universitetlərini təmsil edərək real dünyanın problemləri üzərində işləyirlər, birgə işləməyi, yaradıcılığı, innovativ yanaşmanı təşviq edir, ağır şərtlər altında işləmək vərdişi qazanırlar.