Xəbərlər
Bakı Ali Neft Məktəbində Böyük Britaniyanın IDF şirkətinin nümayəndələri ilə görüş keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) Böyük Britaniyanın “International Drilling Fluids” (IDF) şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə BANM və IDF arasında Neft-qaz mühəndisliyi, Kimya mühəndsiliyi ixtisasları üzrə qarşılıqlı əməkdaşlıq, bu əməkdaşlıq çərçivəsində mütəxəssis mübadiləsi, birgə tədqiqatların aparılması və digər məsələlər müzakirə olunub.
Görüşdə BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov Ali Məktəbinin yaranma tarixi, fəaliyyəti, məqsədləri və qısa zamanda əldə etdiyi uğurları haqqında qonaqlara geniş məlumat verib. O bildirib ki, Bakı Ali Neft Məktəbini bitirən bütün tələbələr nüfuzlu yerli və transmilli şirkətlərdə işlə təmin olunurlar. O, bir çox məzunun neft-qaz sahəsində yeni şirkətlərin yaradılmasında fəal iştirak etdiyini də vurğulayıb.
Görüş zamanı qeyd olunub ki, BANM və “International Drilling Fluids” birgə elmi tədqiqatların aparılmasında səmərəli əməkdaşlıq edə bilər. Şirkətin Baş icraçı direktoru Koruş Təhmasib bildirib ki, ən son yeniliklərin tətbiq edildiyi IDF-də tələbələrin iştirakı ilə müxtəlif labaratoriya kurslarının təşkil edilməsi təmin edilə bilər. O bildirib ki, qarşlıqlı əməkdaşlığın əsas predmeti birgə tədqiqatlar və labaratoriyalara dəstək ola bilər. Şirkət nümayəndəsi ISO standartlarına uyğun labaratoriyaların yaradılması istiqamətində zəngin təcrübəyə malik olduqlarını bildirib.
Bundan əlavə, K.Təhmasib BANM-in işçi heyəti üçün treninqlərin təşkil olunmasına maraqlı olduqlarını qeyd edib.
Sonda qonaqlar BANM-in kampusu ilə tanış olub. Onlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.
IDF neft-qaz sənayesində qazma, tamamlama və istehsal üzrə mühəndislik xidmətləri göstərir. Şirkət qazma problemlərini aradan qaldırmaq üçün praktik tədqiqat fəaliyyət ilə məşğuldur.