Xəbərlər
BANM-da Entropiya qanunu və Qlobal Eko-enerji problemi müzakirə olundu
Bakı Ali Neft Məktəbində (BANM) “Sinerji” elmi diskussiyalar klubunun növbəti seminarı keçirilib. Seminarın mövzusu “Entropiya qanunu və Qlobal Eko-enerji problemi” olub. BANM-ın Neft-qaz mühəndisliyi kafedrasının professoru, əməkdar müəllim Fuad Vəliyevin təqdimatında keçirilən bu seminar dövrümüzün ən ciddi problemlərindən biri – dünya əhalisinin eneri sərfi və enerji təminatına həsr olunub. İctimaiyyətə açıq keçirilən seminarda Ali Məktəbin kollektivilə yanaşı müxtəlif müəssisələrdən əməkdaşlar və digər universitetlərin tələbələri iştirak ediblər.
Seminar iştirakçılarını salamlayan BANM-ın rektoru Elmar Qasımov mövzunun nəinki Azərbaycanda, eləcə də bütün dünyada aktual olduğunu bildirib. Rektor qeyd edib ki, ətraf aləmə dağıdıcı təsirləri azaltmaq, dayanıqlı inkişafa töhfə vermək üçün BANM də bir sıra addımlar atıb və bir neçə layihə üzərində işləməkdədir.
Professor Fuad Vəliyev öz çıxışında əhalinin artımı, enerji resurslarının istifadəsi və onların nəticələri ilə bağlı qlobal problemlərə toxunub. O iqlim dəyişikliyi, qlobal enerji çatışmazlığının gələcəkdə yaradacağı fəsadları analiz edərən dinləyicilərə çatdırıb.
Onun sözlərinə görə, əhalinin sürətlə çoxalması, digər tərəfdən insanların tələbatlarının artması ilə əlaqədar sənaye istehsalının sürətlənməsi, və nəticə olaraq istehsal proseslərinə cəlb edilən xammalın, təbii sərvətlərin və energetika resurslarının həcminin getdikcə artması ehtiyyatların tükənməsinə və qlobal enerji probleminə çevriləcək. Bunun qarşısının alınması üçün dövlətlər və ayrı ayrılıqda hər bir fərd ehtiyyatlara mühafizəkar yanaşmalı, qənaət etməlidir.
“Biz acı bir həqiqəti qeyd etməliyik - Yer bu gün özünü qoruyan bir planet olmağı dayandırır, lakin qlobal fəlakətdən qaçmaq və davamlı inkişaf yoluna başlamaq üçün hələ gec deyil " – deyə məruzəçi Fuad Vəliyev vurğulayıb.
Seminarın sonunda iştirakçılar mövzu ətrafında maraqlı və aktual məsələlərə dair suallarını prof. Fuad Vəliyeva ünvanlayıblar.
Qeyd edək ki, professor Fuad Vəliyevin təşəbbüsü ilə yaradılan "Sinerji" klubunun əsas vəzifələri tələbələr, gənc alimlər, müəllimlər və mütəxəssisləri müxtəlif elmi sahələrdə baş verən son nailiyyətlər və aktual problemlər barədə məlumatlandırmaqdır.