Xəbərlər
Bakı Ali Neft Məktəbində ABŞ səfirliyinin nümayəndəsi qonaq olub
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyindən olan nümayəndələr Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub. Səfirliyin İqtisadi şöbəsinin müdir müavini Michael Rousek və İqtisadi məsələlər üzrə məsləhətçi Yusif Abasov Ali Məktərbin rektoru Elmar Qasımovla görüşüblər.
Görüş zamanı Elmar Qasımov BANM haqqında qonaqlara məlumat verdikdən sonra bildirib ki, Ali Məktəb Amerikanın George Vaşinqton Universiteti ilə əməkdaşlıq edir və BANM-da fəaliyyət göstərən Layihə İdarəetmə Məktəbinin uğur əldə edən məzunları George Vaşinqton Universitetinin Magistr sertifikatını əldə edirlər. Rektor həmçinin qeyd edib ki, BANM-ın məzunları ABŞ-ın Stanford və Luiziyana Univesitetlərində, Kolorado Mədənlər Məktəbində magistr və doktorantura təhsillərini davam etdirirlər. Elmar Qasımov həmçininvurğulayıb ki, Ali Məktəb mühəndisliyin bütün sahələrində kadr hazırlamağı planlayır. Bu səbəbdən cari tədris ilində Ali Məktəb “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisinə başlayıb, növbəti ildən isə Elektrik-elektronika mühəndisliyi üzrə kadr hazırlığına başlanılması nəzərdə tutulur.
Ali Məktəbdə qonaqpərvər görüş üçün rektora təşəkkür edən Michael Rousek bildirib ki, BANM onun Azərbaycanda çalışdığı qısa müddətdə ziyarət etdiyi ilk ali təhsil müəssisədir. Cənab Rousek səfirliyin daim təhsil proqramları və müxtəlif təhsil layihələrini dəstəklədiyini, bu məqsədlə də BANM-la gələcək əməkdaşlığa hazır olduqlarını söyləyib.
Görüş zamanı səfirliyin xətti və ya dəstəyilə ABŞ-ın neft-qaz və enerji sektorundan olan mütəxəssislərin və şirkətlərin BANM-da görüşünün təşkil edilməsi, sahə üzrə ekspertlər tərəfindən tələbələrə müəyyən seminar və təlimlərin keçirilməsi müzakirə edilib.
Michael Rousek həmçinin qeyd edib ki, səfirlik Ali Məktəbin tələbələrinə enerji təhlükəsizliyi və enerji geosiyasəti mövzularında təlimlər təşkil edə bilər.
Görüşün sonunda qonaqlar Ali Məktəbin kampusu ilə yaxından tanış olublar.