Xəbərlər
BANM-ın ilk magistr tələbələri öz layihələrini təqdim ediblər
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi üzrə “Neft-qaz texnologiyası” ixtisasında təhsil alan ilk magistr tələbələri özlərinin Yatağın işlənməsi layihəsinin (Field Development Project) təqdimatını ediblər. Təqdimatda H.Əliyev adına Neft Emalı zavodunun “Modernizasiya və yenidənqurma işləri üzrə texnoloji mühəndislik şöbəsi”nin rəisi, texnika üzrə fəlsəfə doktoru Baladadaş Zeynalov, SOCAR-KBR MMC-nin Proses mühəndisi Anar Quliyev və BANM-ın Kimya mühəndisliyi və Neft-qaz mühəndisliyi kafedrasının professor-müəllim heyəti iştirak ediblər. Eyni zamanda Heriot-Vat Universitetinin professoru Qreym Vaytın və Qreqor Kolvil də video konfransla tədbirə qatılıblar.
Magistrlar layihələrə hazırlıq zamanı Kimya mühəndisliyi kafedrasının dosentləri Sədaqət Fərzullayeva və Elşən Qurbanov, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Elxan Əhmədovla birgə çalışmış və Heriot-Vat Universitetinin professor-müəllim heyəti ilə mütəmadı “SKYPE” danışıqları apararaq suallarına aydınlıq gətiriblər.
Magistrların yatağın işlənilməsi layihəsi üzrə qrup işinin məqsədi onların profesional və təşkilatı bacarıqlarının inkişaf etdirilməsi olub. Tələbələr layihənin hazırlanması zamanı mühəndis, riyazi və kompüter modellərindən istifadə edərək və layihənin iqtisadi, ekoloji, sosial və etik aspektlərini nəzərə alaraq, həmçinin keçmiş təlim materialına istinad edərək neft yatağı texnologiya qurğusunun işlənib hazırlanmalı idilər. Tapşırığa əsasən, altı həftə ərzində tələbələr Şimal dənizindəki ənənəvi neft və qaz yatağı üçün hasilatın aparılması, saxlanması və daşınması üçün üzən qurğunun texniki dizaynı üzərində çalışıblar.
Təqdimat zamanı 5 və 6 nəfərdən ibarət iki qrup tədqiqat məlumatlarına əsaslanan hər hansı neft və ya qaz yatağının texniki və iqtisadi tədqiqatını apararaq hazırladıqları layihələri həm qrup, həm də fərdi şəkildə təqdim ediblər. Təqdimatların sonunda hər bir tələbəyə iştirakçılar tərəfindən müxtəlif suallar ünvanlanıb
“Yatağın işlənməsi layihəsi” kursu HVU-nun Mühəndislik və Fizika İnstitutunun professoru Qreym Vayt tərəfindən tədris olunub, kursun supervayzeri isə Kimya üzrə fəlsəfə doktoru, Böyük Britaniyada Kimyaçı-mühəndislər İnstitutunun üzvü, BANM-ın dosenti Sədaqət Fərzəliyeva keçmişdir.
Təqdimatın qiymətləndirilmə nəticələri 2018-2019-cu tədris ilinin ilk dövründə açıqlanacaq. Keçid balını almış tələbələr diplom layihəsi üzərində işləməyə icazə veriləcəkdir.