EIPO Blog

EIPO Blog

2021 - Tərlan Ömərbəyli - Schmalkalden Tətbiqi Elmlər Universiteti

Academics Advising Alumni Undergraduate

Almaniyada Erasmus mübadilə tələbəsi olmaq mənim üçün ən yaxşı hadisə idi desəm doğru olar. Erasmus mübadiləsi həyatımda həlledici bir addım oldu. Bu addım həmişə içimdə olan arzumu təsdiqləməyimə imkan verdi: fərqli mədəniyyətləri, mentalitetləri və həyat tərzlərini öyrənməyə fürsət yaratdı. Üstəlik, Erasmus, rahatlıq zonamızı tərk etmək və xatirələrimizdə həkk olunan unudulmaz bir təcrübəni paylaşmaq üçün imkan yaradır. Schmalkaldendə olduğum müddətdə həm yerli alman, həm də dünyanın digər yerlərindən gələn xarici tələbələrlə tanış oldum və yeni dostlar qazandım. Orada mədəniyyətimi və dəyərlərimi təmsil etmək, eyni zamanda digər mədəniyyətlərlə tanış olmaq məni çox xoşbəxt etdi və qürurlandırdı. Schmalkalden kiçik bir şəhər olsa da, xeyirxah və açıq ürəkli insanlarla doludur. "Almanlar sərt və soyuqqanlıdır" stereotipini pozan bir çox yerli insanla tanış oldum. Oradakı evlərin və binaların dizaynını, üslubunu və sadəliyini də çox bəyəndim. Şəhərin tarixini bilmək onu daha da maraqlı etdi. Schmalkaldenin təbiəti haqqında da danışmağa dəyər. Demək olar ki, hər tərəfdən meşələrlə əhatə olunmuş bu şəhər, şəhərin mərkəzindən çıxıb təbiəti araşdırmaq üçün unikal bir yerdir. Schmalkaldeni araşdırmaqla yanaşı, Hochschule Schmalkalden tərəfindən verilən "Thoska Card" ilə Türingiyanın görülməli digər yerlərinə səyahət etmək üçün pulsuz bir qatara minə bilərsiniz.Orada olarkən alman mədəniyyətini maksimum dərəcədə kəşf etməyə və alman dili bacarıqlarımı inkişaf etdirməyə çalışdım.Özümü Schmalkalden ilə məhdudlaşdırmadım və Almaniyanın Berlin, Hamburg, Frankfurt, Köln şəhərlərinə və eyni zamanda Paris, Brüssel və Amsterdam kimi digər yaxın ölkələrin şəhərlərinə səyahət etdim.Mənim üçün Erasmus yalnız bir başlanğıc idi və o mənə səyahəti davam etmək və fərqli mədəniyyətləri kəşf etmək üçün ilham verdi.

Tərlan Ömərbəyli