Xəbərlər
Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü keçirildi
Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun - Milli Qurtuluş Gününün 25 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.
Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bu gün ölkəmizin qeyd etdiyi Milli Qurtuluş Gününün çox böyük tarixi olduğunu bildirib. Rektor qeyd edib ki, Azərbaycanda 1993-cü ilin yayında respublikada ictimai-siyasi böhranın baş verdiyi və vətəndaş müharibəsi təhlükəsinin yarandığı bir dövrdə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev xalqın istəyilə Naxçıvandan Bakıya gəlib. Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını alaraq iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Məhz bu səbəbdən Azərbaycan xalqının istəyilə Milli Məclis 1997-ci ildə 15 iyun tarixini “Milli Qurtuluş Günü” kimi bayram elan edib.
Daha sonra tədbirdə Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev təqdimatla çıxış edib. O bildirib ki, qurtuluşun ilk gərgin 5 ilində Ümummilli lider Heydər Əliyev 33 ölkəyə 79 səfər etmiş, 232 tədbirdə iştirak etmiş və 431 sənəd imzalamışdır. Daha sonra o tədbir iştirakçılarına neft diplomatiyası və Əsrin Müqaviləsinin imzalanması, dünya siyasətində Azərbaycanın mövqeyinin möhkəmlənməsi, beynəlxalq iqtisadi münasibətlərdə Azərbaycanın söz sahibinə çevrilməsinin arxasında duran məqsədyönlü və uğurlu siyasətdən bəhs edib.
Ələmdar Şahverdiyev həmçinin Heydər Əliyev tərəfindən atılmış uğurlu diplomatik addımlardan - Atəşkəs və daxili sabitliyin yaradılması, neft siyasətinin formalaşdırılması, Qarabağ problemi üzrə regional və beynəlxalq müstəvidə aparılan danışıqlar haqda tədbir iştirakçılarına məlumat verib.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.