Xəbərlər
Maire Tecnimont BANM-ın tələbələrini işə götürdü
Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın “Maire Tecnimont” şirkəti ilə görüş keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Avqusto Massari, Maire Tecnimont Group-un Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Cianni Bardazzi, Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, şirkətin regional biznes mütəxəssisi Alessia Mangiapane, Biznesin inkişafı üzrə meneceri Natalia Sirazutdinova, İnsan resursları üzrə meneceri Aida Bəşirova və Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak edib.
BANM-ın rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə salamlayaraq “Maire Tecnimont” şirkətinin artıq dost şirkət olduğunu bildirib və bu davamlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Avqusto Massari isə BANM ilə “Maire Tecnimont” şirkətinin əməkdaşlığını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının bariz nümunəsi kimi qiymətləndirib.
Maire Tecnimont Group-un vitse prezidenti Cianni Bardazzi isə BANM ilə əməkdaşlığı biznes sektoru ilə akademik mühitin ən uğurlu birləşməsi adlandırıb. O qeyd edib ki, bu gün şirkət BANM üçün hazırladığı İnkişaf Proqramının II mərhələsini bitirir. Vitse prezident yaradıcılığı və profesionallığı özündə birləşdirən bu proqramın iki ölkə arasında uzunmüddətli əməkdaşlığa xidmət edəcəyini bildirib.
Daha sonra cənab Bardazzi “Maire Tecnimont” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “KT-Kinetics Technology” şirkətində təcrübə keçmiş BANM-ın tələbələri - “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Gülsüm Əliyeva və Zərifə Orucova, “Kimya mühəndisliyi” ixtisası üzrə magistr təhsili alan Həcər Hidayətzadə və 5-ci kurs tələbəsi Ruslan Cəbrayıllını sertifikatla təltif edib.
BANM-ın həmin tələbələri İnkişaf Proqramını uğurla bitirdiklərinə görə “KT-Kinetics Technology” şirkətinə işə cəlb olunacaqlar. Tələbələr İnkişaf Proqramında şirkətin fəaliyyətilə daha yaxından tanış olub və mühəndislik sahəsində xeyli praktiki biliklər əldə ediblər. 17 həftəlik proqramda tələblər üçün eyni zamanda şirkət tərəfindən İtalyan dili kursları təşkil olunub.
Qeyd edək ki, bu proqram BANM-la “Maire Tecnimont” arasında artıq ikinci dəfə həyata keçirilir. Ötən ilki İnkişaf Proqramında iştirak edən BANM-ın məzunları artıq “Maire Tecnimont”un Azərbaycandakı nümayəndəliyi “KT-Kinetics Tecnology” şirkətinin mühəndisləridir.