Xəbərlər
BANM-da Mülki müdafiənin və tibbi yardımın əsasları kitabının təqdimatı oldu
Bakı Ali Neft Məktəbində (BANM) Kimya mühəndisliyi kafedrasının professoru, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) hərbi hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusifzadənin “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı keçirilib. Təqdimatda BANM-ın rektoru Elmar Qasımov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə, kitabın müəllifi Kənan Yusifzadə və onun ailə üzvləri, BANM-ın professor müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov tədbir iştirakçılarını salamladıqdan sonra Ali Məktəbin professoru, DSX hərbi hospitalının baş həkimi Kənan Yusifzadəni kitabının təqdimatı münasibətilə təbrik edib. “BANM neft-qaz sənayesinin müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlayır və sabahın mühəndisləri olacaq tələbələrimiz istehsalatda baş verə biləcək hər cür ekstremal vəziyyətə hazır olmalı, lazımi anda düzgün tibbi yardım göstərməyi bacarmalıdırlar. Bu istiqamətdə professor Kənan Yusifzadənin və onun müəllifi olduğu dərsliyin rolu əvəzedilməzdir.” - deyə rektor qeyd edib.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da Kənan Yusifzadəni kitabının təqdimatı münasibətilə təbrik edib və müxtəlif sahələrdən olan insanlar üçün böyük əhəmiyyətə malik olan bu dərsliyin hər kəsin stolüstü kitabına çevrilməsinin labüdlüyünü vurğulayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə kitabda hadisə yerində zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi üçün vacib olan əsas məlumatlar təqdim edildiyini bildirərək qeyd edib ki, dərslik ilk yardımın bütün üsullarını asanlıqla mənimsəməyə, həmçinin özünə və başqalarına dərhal yardım göstərə bilmək bacarıqlarının əldə edilməsinə imkan verəcək.
Daha sonra Ali Məktəbin mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov çıxış edərək BANM-da tədris edilən “Mülki müdafiə və tibbi yardımın əsasları” fənninin əsas məqsədinin tələbələrin təcili və təxirəsalınmaz hallar haqqında ümumi biliklərə yiyələnməsi, respublikamızda FH üzrə dövlət sistemini tanıması, FH-da davranış qaydalarının öyrənilməsi, mühafizə vasitələrindən istifadə qaydalarını bilməsi, qəza-xilasetmə və zərərçəkmişlərə ilk tibbi yardımın necə aparılmasının öyrədilməsi olduğunu bildirib.
Tədbirdə “Neft-qaz mühəndisliyi” ixtisasının tələbəsi Zərifə Orucova və “Kimya mühəndisliyi” ixtisasının tələbəsi Fuad Əlizadə “Mülki müdafiənin və tibbi yardımın əsasları” fənnilə bağlı əldə etdikləri biliklərdən, həmin bilikləri DSX hərbi hospitalında praktiki olaraq necə tətbiq etməklərindən danışıb, onlara bu bilikləri aşılayan müəllimləri Kənan Yusifzadəyə təşəkkür ediblər.