Xəbərlər
BANM-ın tələbələri SOCAR Polymer-də çalışacaqlar
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün SOCAR Polymer Məhdud Məsuliyyətli Cəmiyyətinin İnsan resursları departamentinin əməkdaşları tərəfindən böyük təqdimat keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin 3-cü, 4-cü, 5-ci kurs və magistratura pilləsinin tələbələri, həmçinin SOCAR Polymer-in məsul əməkdaşları iştirak ediblər.
Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə salamladıqdan sonra Socar Polymer layihəsinin Azərbaycanın neft-kimya sənayesində əvəzolunmaz rol oynayacağını bildirib. “Layihənin əsas məqsədi ölkənin kimya sənayesini gücləndirmək olduğunu nəzərə alaraq bu sahə üzrə dünya standartlarına cavab verən ixtsaslı kadr hazırlayan BANM ilə əməkdaşlıq daha məqsədəuyğundur” – deyə rektor qeyd edib.
SOCAR Polymer-in maliyyə təhlilçisi Bart Joubert ilk öncə tələbələri salamlayaraq onlarla görüşündən məmnun olduğunu bildirib. Daha sonra O, şirkətin məqsədi, fəaliyyəti, burada görülmüş işlər, struktur və iş prinsipi haqqında geniş təqdimatla çıxış edib.
SOCAR Polymer-in İnsan resursları departamentinin Təlim və inkişaf üzrə baş mütəxəssisi Nərgiz Səlimova tələbələrə yay istehsalat təcrübə proqramı haqqında məlumat verib, Mükafatlandırma üzrə mütəxəssis Afaq İsmayılova iş imkanları, müraciət etmə və seçim prosesləri haqqında geniş təqdimat edib, İşə qəbul üzrə mütəxəssis Elturan Kazımlı isə təcrübəçilərin SOCAR Polymer-dəki rolu haqqında danışıb.
Tədbirdə BANM-ın məzunu, SOCAR Polymer-də Texniki məsələlər üzrə mühəndis Nicat Qasımov tələbələr qarşısında özünün SOCAR Polymer-dəki uğur hekayəsindən danışıb.
Təqdimatların sonunda tələbələr İnsan resurları departamentinin əməkdaşlarına çoxlu suallar ünvanlayıblar.
Qeyd edək ki, BANM-ın tələbələrinin may ayının 30-dək müraciət və seçim prosesinin yekunlaşdırılacağı, iyul ayından başlayaraq yay istehsalat təcrübəsinə başlayacaqları gözlənilir. İstehsalat təcrübələrini uğurla başa vuran sonuncu kurs tələbələri isə şirkət tərəfindən işə cəlb olunacaqlar.