Xəbərlər
BANM-ın tələbəsi Ümumrespublika festivalında II yeri qazandı
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasının II kurs tələbəsi Aytac İsgəndərova Azərbaycan Gənclər və İdman Nazirliyinin keçirdiyi “Tələbə Baharı” XI Ümumrespublika tələbə yaradıcılıq festivalında Estrada musiqisi üzrə nominasiyada ikinci yerə layiq görülüb.
Əsas məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək və istedadlı gəncləri üzə çıxarmaq olan festivalın seçim turlarına 15-dən çox ali təhsil müəssisəsindən 800-dən artıq tələbə müxtəlif nominasiyalar üzrə istedadlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Festival çərçivəsində keçirilən seçim turunda Aytac İsgəndərova ifa etdiyi “Let her go” mahnısı ilə münsiflər heyətinin diqqətini qazana bilib və o Estrada musiqisi oxuyan ifaçılar arasında ikinci yeri qazanıb. Festivalın Azərbaycan Dövlət Musiqili Teatrında baş tutan qala konsertində isə o artıq bi qalib kimi məşhur Boni M qrupunun “Sunny” mahnısını ifa edib.
“Düzünü desəm bu festivala mən digər iştirakçılar kimi profesional məşqçilərlə hazırlaşmamışdım və bu mənim iştirak etdiyim ilk festivaldır. Buna baxmayaraq Ali Məktəbimizi təmsil edərək ikinci yeri qazanmağım məni hədsiz sevindirdi” – deyə o bildirib.
Qeyd edək ki, Aytac İsgəndərova “Tələbə Baharı” XI Ümumrespublika tələbə yaradıcılıq festivalında qazandığı uğura görə diplom və mükafatla təltif edilib.